ADB qadın sahibkarları dəstəkləmək üçün Azərbaycan bankına 20 milyon dollar ayıracaq

Maliyyə
  • 19 mart, 2023
  • 09:24
ADB qadın sahibkarları dəstəkləmək üçün Azərbaycan bankına 20 milyon dollar ayıracaq

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda kənd təsərrüfatının istehsalı, emalı və ticarəti sahələrində çalışan qadın sahibkarları və borcalanları maliyyələşdirmək  üçün “Bank Respublika” ASC-yə 34 milyon manatadək (təxminən 20 milyon ABŞ dolları) kredit ayırmağı planlaşdırır.

"Report" ADB-yə istinadən xəbər verir ki, bu təklif olunan kredit sövdələşməsi Asiya İnkişaf Bankının Azərbaycan üzrə (2019-2023-cü illər) Ölkə Tərəfdaşlıq Strategiyasına uyğundur, xüsusən də qadınların rəhbərlik etdiyi və ya sahibi olduğu, eləcə də kənd təsərrüfatı, istehsalat və digər zəif inkişaf etmiş xidmət sahələri üzrə fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq (MKOS) subyektlərinin maliyyə xidmətlərinə çıxış imkanlarını genişləndirməklə inklüziv inkişafa töhfə vermək məqsədi daşıyır.

ADB hesab edir ki, Azərbaycanda ümumi işçi qüvvəsinin 36,3 %-ni təşkil edən kənd təsərrüfatı sektoru yoxsulluqla mübarizəyə böyük töhfə verə bilər: “2021-ci ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 5,9 % olub ki, bunun da 60 %-i kənd yerlərində yaşayanlar təşkil edib.

MKOS, xüsusilə kənd yerlərində yoxsulluğun azaldılması səylərində mühüm rola malikdir. 2020-ci ildə MKOS-lar ümumi müəssisələrin 99,7 %-ni təşkil edib ki, bunun da əhəmiyyətli bir hissəsi (MKOS-ların ümumi sayının 43 %-i) kənd yerlərində fəaliyyət göstərib.

Bununla belə, qeyd etmək lazımdır ki, MKOS-ların maliyyəyə çıxış imkanları məhdud olaraq qalır, bu isə onların iri şirkətlərlə müqayisədə bank kreditləri almaq imkanlarının daha az olması ilə bağlıdır. Qadınların rəhbərlik etdiyi və ya sahibi olduğu MKOS-lar (WMSME) maliyyə imkanlarına çıxış baxımından daha böyük maneələrlə üzləşir. Bu, onların kreditlər üçün girov kimi tələb olunan əmlaka daha az sahib olması ilə əlaqəlidir. Kənd yerlərində maliyyə imkanları da məhduddur, çünki banklar və kredit təşkilatları kənd təsərrüfatı kreditlərini yüksək risk qrupuna daxil edir.

ADB hesab edir ki, bu kredit kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən WMSME-nin çox ehtiyac duyduğu kapitalla təmin etməklə zəif inkişaf etmiş xidmət sektorlarının maliyyə imkanlarına çıxışını yaxşılaşdıracaq. Layihənin WMSME-nin iqtisadi fəaliyyətinin dəstəklənməsinə və ya genişləndirilməsinə kömək edəcəyi gözlənilir ki, bu da öz növbəsində kənd yerlərində yoxsul və həssas təbəqələr üçün əlavə məşğulluq və gəlir imkanları yarada bilər.

“Layihə qadın borcalanların maliyyəyə çıxışını artırmaq və qadın işçilər üçün keyfiyyətli iş şəraiti təmin etməklə, habelə qadınların maliyyə sektorunda ümumi iştirakını və artımını dəstəkləməklə şirkətlərin fəaliyyətində gender bərabərliyi nəticələrini yaxşılaşdırmaq üçün böyük potensiala malikdir.

19-u kənd yerlərində yerləşən 32 filialdan ibarət geniş şəbəkəsi ilə "Bank Respublika" zəif inkişaf etmiş sektorlara və ərazilərə maliyyə çıxışını genişləndirmək üçün ideal kanaldır”, - ADB-nin məlumatında deyilir.

Xatırladaq ki, əsası 1992-ci ildə qoyulmuş "Bank Respublika" Azərbaycanın beş aparıcı bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə institutları - KfW bank qrupuna daxil olan DEG İnvestisiya Korporasiyasını və "Sparkassen-Finanzgruppe" maliyyə qrupuna daxil olan SIDT-i göstərmək olar. Ümumilikdə bankın səhmlərinin 90,23 %-i sahibkar Natiq Quliyev və onun ailə üzvlərinə məxsusdur.