ADB Mərkəzi Asiyada əməkdaşlığı genişləndirə biləcək 6 sektorda rəqəmsallaşmanı təklif edir
- 24 iyun, 2022
- 08:18
Yeniliklərdən dərhal xəbərdar olun!
Səhiyyə, təhsil, kənd təsərrüfatı, maliyyə, ticarət və turizm sektorlarında rəqəmsallaşma Mərkəzi Asiyada regional əməkdaşlığı gücləndirə bilər.
“Report” xəbər verir ki, bunu Asiya İnkişaf Bankı (ADB) bəyan edib.
ADB-nin açıqlamasında deyilir ki, dünya inkişaf edən "yeni norma" ilə mübarizə apararkən, rəqəmsal texnologiya əsas olaraq qalır. COVID-19 pandemiyası, rəqəmsallaşmanın xidmətləri kəskin şəkildə təkmilləşə və imkanlarını genişləndirə biləcəyini göstərib. Rəqəmsal texnologiyaların ticarət, maliyyə və kənd təsərrüfatı sahələrində inteqrasiyası qadınlar və gənclər üçün yeni iş yerləri yarada bilər.
"Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) bu məqsədlə üzv ölkələrdə rəqəmsallaşmanın təşviqi üçün strategiya hazırlayıb. CAREC Rəqəmsal Strategiyası 2030 iqtisadi artımı və insan inkişafını sürətləndirmək üçün regionda rəqəmsal texnologiyanın miqyasına sistemli yanaşma təqdim edir. Bu strategiya, regionda rəqəmsal həlləri təmin edəcək zəruri təməllərin qurulması üçün çərçivə təmin edir. COVID-19-un mənfi təsirləri ilə mübarizədə yaradıcı və innovativ təkliflər üçün virtual platforma olması da planlaşdırılır”, - ADB bildirib.
Səhiyyə sektorunda rəqəmsallaşma
"COVID-19" pandemiyası zamanı üzbəüz görüşlər çətinləşəndə xəstələrə həkimləri ilə “Teletib” vasitəsi ilə məsləhətləşmələrə imkan verib. Bu, insanlara koronavirusun təsirlərinə məruz qalmadan tibbi xidmətlərdən istifadə etməyə imkan verib. Bundan başqa, “Teletib”in əsas faydalarından biri insanlara uzun məsafələr qət etmədən tibbi məsləhət almaq imkanı verməsidir. Bu proqram sahəsində, bəzi CAREC üzv ölkələrində vətəndaşlar, daha inkişaf etmiş səhiyyə sistemləri olan digər ölkələrin səhiyyə xidmətlərindən istifadə edə bilərlər. Rəqəmsal texnologiya vasitəsilə yoluxucu xəstəliklər də daha dəqiqliklə izlənilə bilər.
Təhsil sektorunda rəqəmsallaşma
“COVID-19” pandemiyası onlayn-təhsilə keçid üçün səbəb oldu. Bu, sahibkarları internet əsaslı öyrənmə vasitələrini inkişaf etdirməyə təşviq edib və təhsil texnologiyaları sənayesində buma səbəb olub. Bu yeni vasitələr, çox uzaq ərazilərdə yaşayan və ya fiziki olaraq təhsil materialı almaq üçün maddi imkanları olmayan şəxslərin internet vasitəsi ilə bu materiallara əlçatanlığını təmin etdiyi üçün daha ədalətli təhsil forması hesab olunur.
CAREC Rəqəmsal Strategiyası işə qəbul imkanlarını və peşəkarlıq bacarıqlarını paylaşmaq üçün vahid regional əmək bazarının yaradılmasını nəzərdə tutan CAREC Məşğulluq Xidməti Platformasını təklif edir. Bu istiqamətdə, Çin Xalq Respublikası (ÇXR) rəqəmsal yetkinlik təlimləri təklif edib, Azərbaycan isə digər CAREC ölkələrində rəqəmsal liderlər və dəyişikliklər üzrə menecerlər üçün təlimlər təklif edib.
Kənd təsərrüfatında rəqəmsallaşma
CAREC regionunda insanların çoxu dolanışığı kənd təsərrüfatından asılıdır. Səmərəli istehsal idarəetməsini tətbiq etməklə məhsuldarlığı artıran rəqəmsal həllər, böyük əhalisi olan ölklərə fayda verəcək. Rəqəmsal platformalar dəyər zəncirlərini və kənd təsərrüfatı ticarətini yaxşılaşdıra bilər. Bu, ərzaq təhlükəsizliyini təmin edəcək və kənd yerlərində əhalinin gəlirlərini artıracaq. Fermerlər veb-əsaslı bilik mübadiləsi platformaları vasitəsilə ən yaxşı təcrübələri digər fermerlərin şəbəkələri arasında paylaşa bildikdə, kənd təsərrüfatı iqlim dəyişikliyinə və digər risklərə qarşı daha davamlı hala gələ bilər.
Maliyyə sektorunda rəqəmsallaşma
Kiçik və orta müəssisələr (KOB) böyümənin qarşısında maneə kimi hər il yüksək kapital xərcləri ilə üzləşirlər. Rəqəmsal həllərin köməyi ilə CAREC regionundakı müəssisələr müxtəlif maliyyə xidmətlərindən istifadə edə bilərlər. Buna, elektron ödəniş təminatçıları üçün daha əlverişli şərtlərin mövcud ola biləcəyi onlayn kredit platformaları daxildir. Rəqəmsal platformalar qadınlar, gənclər və yaşlılar da daxil olmaqla həssas qruplara iqtisadi imkanlarını genişləndirmək üçün imkanlar təqdim edir.
Ticarət sektorunda rəqəmsallaşma regional və qlobal təchizat zəncirlərinə əsaslanan malların anbarlara yığılması, daşınması və çatdırılması üçün bir-biri ilə əlaqəli həllər təqdim edir. CAREC üzv ölkələri yüklərin daşınması üçün avtomatlaşdırılmış ödəniş sistemlərini qəbul etməklə sənədsiz məlumat mübadiləsi və keçid məntəqələrində və sərhədlərdə səmərəliliyin artırılması üçün transsərhəd e-logistika platformalarını qəbul edə bilər. Bu platformalar ticarət şəbəkələrini təkmilləşdirə bilən bir-biri ilə əlaqəli logistik həllər təklif edir.
Turizm sektorunda rəqəmsallaşma
Turizm pandemiyadan ən çox zərər çəkən sektorlardan biri olub. Rəqəmsal alətlər, turistlər üçün rahatlığı artırmağa kömək edə bilər. Turizm ekosistemində maraqlı tərəflər arasında əlaqələr qurmaqla, turizm destinasiyaları haqqında məlumatlılığı artırmaq və məsələn, virtual reallıq texnologiyalarından istifadə etməklə marketinq və tanıtımı gücləndirmək üçün rəqəmsal platformalar istifadə edilə bilər.
Vahid CAREC e-vizası və CAREC vətəndaşları üçün səyahət sənədləri kimi milli şəxsiyyət vəsiqələrinin istifadəsi kimi gələcək təşəbbüslər və regionun mədəni irsini və yemək ənənələrini təbliğ etmək üçün digər portallar da planlaşdırıla bilər. Rəqəmsallaşma turistlərin sərhədləri daha tez və asanlıqla keçməsini təmin etməklə yanaşı, CAREC-in zəngin mədəni sərvətlərini bütün dünyada təbliğ etməyə şərait yarada bilər.