ADB bu il daha bir neçə Azərbaycan şirkətinə manatla kredit verə bilər

Maliyyə
  • 03 fevral, 2023
  • 15:18
ADB bu il daha bir neçə Azərbaycan şirkətinə manatla kredit verə bilər
Sənan Şabanov

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda fəaliyyət göstərən özəl şirkətlərlə, o cümlədən qida istehsalçıları ilə manat ifadəsində olan istiqrazların buraxılması ilə bağlı müzakirə aparır və bu ilin sonuna qədər onlara milli valyutada kreditlərin verilməsi planlaşdırılır.

Bunu "Report"a açıqlamasında ADB-nin ölkə nümayəndiliyinin İnvestisiya üzrə baş inzibatçısı Sənan Şabanov deyib.

Bu ilin yanvar ayında ADB ilk istiqraz emissiyası çərçivəsində 8,4 milyon manat (təxminən 4,9 milyon ABŞ dolları) cəlb edib. İstiqrazların tədavül müddəti 2,5 il, gəlirliliyi isə 6 %-dir. İstiqraz buraxılışından əldə olunan vəsaitlə “Avrora” MMC-nin "COVID-19 böhranı zamanı əsas qida təchizat zənciri" layihəsi birbaşa maliyyələşdiriləcək. Layihə "Avrora" MMC-yə fəaliyyətini təmin etməyə və 2,6 mindən çox əməkdaşının dolanışığını təmin etmək üçün likvidlik təmin edəcək.

ADB rəsmisi bildirib ki, hazırda ticarətin maliyyələşdirilməsi layihəsi çərçivəsində Azərbaycanda kommersiya bankları ilə də danışıqlar aparılır:

“Hazırda “Ticarət maliyyəsi” adlı proqram çərçivəsində yerli kommersiya bankları ilə danışıqlar aparırıq. Artıq ötən həftə “Azər-Türk Bank” ASC bizim ilk tərəfdaş bank kimi təsdiqlənib. Azərbaycanın həm kənd təsərrüfatı məhsullarının istehsalçıları, həm də fermerlər bizim “Ticarət maliyyəsi” proqramından yararlana bilərlər.

Qeyd etdiyim kimi digər banklarla da danışıqlar aparılır və ümid edirik ki, heç olmazsa bu ilin yarısında bizim tərəfdaş banklarımızın sayı artacaq.
ADB-nin proqramının həcmi böyük olduğuna görə, digər kommersiya bankları ilə kredit razılaşdırılmasına hazırıq. Belə razılığın olacağı təqdirdə həm Azərbaycandan olan qadın sahibkarlar, regionlardan olan fermerlər və digər kənd təsərrüfatı istehsalçıları bu layihədən yararlana biləcəklər".

S.Şabanov bildirib ki, ADB-nin resursları ayrı-ayrı mikro, kiçik və orta sahibkarlarla işləməyə imkan vermir: "Ona görə də kommersiya bankların imkanlarından istifadə edərək sahibkarların və fermerlərin maliyyə resurslarına əlçatanlığını təmin etməyə çalışırıq”.