Səhiyyədə struktur dəyişiklikləri dövlətin uzunmüddətli islahatının yeni mərhələsidir - Rəy

Sağlamlıq
  • 19 oktyabr, 2026
  • 16:24
Səhiyyədə struktur dəyişiklikləri dövlətin uzunmüddətli islahatının yeni mərhələsidir - Rəy

Azərbaycan səhiyyəsində həyata keçirilən struktur dəyişiklikləri dövlətin uzunmüddətli səhiyyə siyasətinin məntiqi davamı və islahatların yeni mərhələsidir.

Bunu "Report"a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

Onun sözlərinə görə, vaxtilə TƏBİB-in yaradılması icbari tibbi sığortaya keçidin obyektiv zərurətindən irəli gəlirdi.

"Çünki sovet dövründən miras qalmış səhiyyə idarəçiliyi yeni maliyyələşmə mexanizmlərinə, çevik menecmentə və icbari tibbi sığortanın gündəlik tələblərinə tam uyğun deyildi. Bu səbəbdən dövlət tibb müəssisələrinin ayrıca, daha operativ struktur vasitəsilə idarə olunması həmin dövr üçün zəruri və məqsədəuyğun addım idi. TƏBİB də məhz bu keçid mərhələsində mühüm funksiyanı yerinə yetirdi. İndi isə söhbət həmin prosesin daha geniş və strateji müstəvidə davam etdirilməsindən gedir".

Deputat bu dəyişiklikləri keçid dövrünün başa çatması və səhiyyənin vahid, sistemli idarəetmə mərhələsinə keçidi kimi qiymətləndirdiyini bildirib.

"Çünki müasir səhiyyə siyasəti yalnız dövlət xəstəxanalarını deyil, müxtəlif dövlət qurumlarının tabeliyindəki tibb strukturlarını, eləcə də özəl tibb müəssisələrini əhatə etməlidir. Bu qurumların hamısı vahid səhiyyə siyasəti, ümumi keyfiyyət standartları, hüquqi təminatlar və koordinasiya mexanizmləri çərçivəsində fəaliyyət göstərməlidir. Səhiyyə Nazirliyinin strateji rolunun gücləndirilməsini də məhz bu baxımdan mühüm hesab edirəm.

Məqsəd bütün müəssisələri inzibati baxımdan bir mərkəzə tabe etdirmək deyil, mülkiyyət və tabelik formasından asılı olmayaraq, səhiyyə xidmətlərinin vahid dövlət siyasəti əsasında tənzimlənməsini, onların hüquqlarının qorunmasını və sistemli fəaliyyətini təmin etməkdir. Əslində, bu, başlanmış islahatların təbii və məntiqi davamıdır: əvvəlcə köhnə sistem yeni tibbi sığorta modelinə uyğunlaşdırıldı, indi isə formalaşmış mexanizmlərin vahid strateji idarəetmə çərçivəsində əlaqələndirilməsi mərhələsinə keçilir".

R.Mahmudov əlavə edib ki, əsas məsələ qurumların adı və tabeliyi deyil, bütövlükdə səhiyyə sisteminin daha səmərəli işləməsi, tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının yüksəlməsidir.

"İslahatların uğuru da məhz vətəndaşın gündəlik həyatında hiss etdiyi müsbət nəticələrlə ölçülməlidir. Mən bu prosesi dövlətin səhiyyə siyasətində ardıcıllığın, mərhələli inkişafın və daha müasir, dayanıqlı səhiyyə sisteminin formalaşdırılması istiqamətində atılan addımların davamı kimi görürəm".

Məlumat üçün qeyd edək ki, bu gün Prezident İlham Əliyevin Fərmanı ilə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxs Səhiyyə Nazirliyinin tabeliyinə verilib.

Həmçinin dövlət başçısının Sərəncamı ilə səhiyyə naziri Teymur Musayev vəzifəsindən azad edilərək Baş nazirin müavini təyinatını alıb.

Prezidentin digər Sərəncamları ilə TƏBİB-in icraçı direktoru Anar Bayramov vəzifəsindən azad edilərək səhiyyə naziri təyin edilib.

44 filmi