Pedro Sançes: Tələbələrin mənzil şəraitinin yaxşılaşdırılmasına 45 milyon avro ayrılıb

Digər ölkələr
  • 19 oktyabr, 2026
  • 16:12
Pedro Sançes: Tələbələrin mənzil şəraitinin yaxşılaşdırılmasına 45 milyon avro ayrılıb

İspaniya Nazirlər Şurası ilk mərhələdə ali məktəb yataqxanalarında 2 min yeni yerin yaradılması üçün 45 milyon avro məbləğində tədbirlər paketini təsdiqləyəcək.

"Report" xəbər verir ki, bu barədə Baş nazir Pedro Sançes sosial şəbəkələrdə yazıb.

"Bu gün biz tələbələr üçün yeni hüquq və vəzifələrin təsbit olunduğu yeni Nizamnamə haqqında bəyannaməni imzalayırıq. Elə sabah universitet yataqxanalarının dəstəklənməsi üçün 45 milyon avronu təsdiqləyəcəyik ki, bu da ilk mərhələdə bütün ölkə üzrə dövlət universitetlərində 2 minə yaxın yeni yerin yaradılmasını təmin edəcək", - o qeyd edib.

Universitet tələbələrinin statusu haqqında kral fərmanı layihəsi üzrə bəyannamənin imzalanması zamanı Sançes bildirib ki, bu sənəd tələbə və müəllimlərin əlçatan mənzillə təmin olunmasına yönəlib.

Qeyd edək ki, İspaniyada oktyabr ayı ərzində mənzil və təhsil sahəsindəki böhrana görə iki böyük etiraz aksiyası keçirilib. Etirazçılar iş şəraitinin və qrafikinin yaxşılaşdırılmasını, təhsilin maliyyələşdirilməsinin artırılmasını, siniflərdə şagirdlərin sayının azaldılmasını və müəllimlərin maaşlarının 600 avroya qədər artırılmasını tələb ediblər. Nümayişlər Madrid, Barselona və Valensiya daxil olmaqla, İspaniyanın 50-dən çox şəhərində keçirilib. Digər bir səbəb isə ölkə parlamentinin hökumətin mənzil fərmanlarını, icarə müddətinin uzadılmasını rədd etməsi olub.

44 - Tezliklə