"Access Bank" bu ilin I rübünü mənfəətlə başa vurub

Maliyyə
  • 21 aprel, 2020
  • 08:55
Access Bank bu ilin I rübünü mənfəətlə başa vurub

"Access Bank" QSC bu ilin I rübünü 2,5 milyon manat mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 74,6 milyon manat zərərlə çıxmışdı.

"Report" xəbər verir ki, yanvar-mart aylarında "Access Bank"ın gəlirləri 28,3 milyon manat (illik müqayisədə 37,6% az), xərcləri 26,7 milyon manat (4,6% az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 0,9 milyon manat (1 il bundan əvvəl ehtiyat yaradıb) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə "Access Bank"ın aktivləri 895,3 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 11,9% çoxdur. Bunun 532,4 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 13,1% böyüyüb.

Hesabat dövründə "Access Bank"ın öhdəlikləri 13,7% artaraq 798,6 milyon manata, o cümlədən depozit portfeli 3,2% artaraq 588,4 milyon manata çatıb, balans kapitalı isə 1% azalaraq 96,7 milyon manata düşüb.

Xatırladaq ki, "Access Bank" 2002-ci ildə "Azərbaycan Mikromaliyyələşdirmə Bankı" kimi fəaliyyətə başlayıb, 2008-ci ildə reberendinq edib. Onun nizamnamə kapitalı 258,7 milyon manatdır. Bankın səhmdarları Asiya İnkişaf Bankı (19,89%), Avropa İnvestisiya Bankı (17,39%), Beynəlxalq Maliyyə Korporasiyası (16,56%), Hollandiya İnkişaf Bankı (9,41%), Avstriya İnkişaf Bankı (9,17%), SIFEM AG (8,89%), “Responsability Management Company S.A.” (7,11%), “Responsibility SICAV (Lux)” (2,91%), EFSE (2,78%), “Symbiotics SICAV (Lux)” (2,27%), GGF (1,77%), “LFS Advisory GmbH” (1,27%), Qara Dəniz Ticarət və İnkişaf Bankıdır (0,58%).

44 - Tezliklə