"Xilasedici"nin kapitanı Vüqar Bayramov: "Çətin mübarizəyə baxmayaraq məqsədimizə çatdıq"

Komanda
  • 13 noyabr, 2026
  • 10:43
Xilasedicinin kapitanı Vüqar Bayramov: Çətin mübarizəyə baxmayaraq məqsədimizə çatdıq

Kişilərdən ibarət "Xilasedici" voleybol komandası CEV Çempionlar Liqasının II təsnifat mərhələsinin "Sportinq"lə (Portuqaliya) cavab oyununda çətin mübarizəyə baxmayaraq məqsədinə çatıb.

Azərbaycan təmsilçisinin kapitanı Vüqar Bayramov bu barədə "Report"a açıqlamasında deyib.

O, gərgin keçən görüşdə yüksək əhval-ruhiyyə və əzmkarlıq sayəsində qalib gəldiklərini vurğulayıb:

"Bakıda keçirilən ilk oyunda 2:3 hesabı ilə məğlub olmuşduq. Cavab qarşılaşmasında əsas hədəfimiz yaxşı çıxış etmək və qələbə qazanmaq idi. Çətin mübarizəyə baxmayaraq, məqsədimizə çatdıq. Kollektivdə yüksək əhval-ruhiyyə və qələbə əzmi var idi. Gərgin şəraitdə keçən qarşılaşmada sonadək mübarizə apararaq qalib gəldik. Beş set və qızıl setdən sonra yorğunluq hiss olunur. Ancaq artıq diqqətimizi qarşıdakı matçlara yönəltməliyik".

V.Bayramov növbəti raundda da uğur qazanmağa çalışacaqlarını bildirib:

"Növbəti rəqibimizin də güclü olduğunu bilirik. Əsas məqsədimiz hər mərhələdə uğurla çıxış etmək, onları məğlub edərək mübarizəni davam etdirməkdir. Komandamı bu qələbə münasibətilə bir daha təbrik edir, bizi dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm".

Qeyd edək ki, kişi voleybolçulardan ibarət "Xilasedici" CEV Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda Portuqaliyada yerli "Sportinq" klubuna 3:2 hesabı ilə qalib gəlib. Bakıda keçirilmiş ilk matçda rəqib eyni nəticə ilə üstün olduğundan qarşılaşmanın taleyi qızıl setdə (15:13) həll olunub.