MEXT: Azərbaycanda 15 şirkətin rəqəmsal və "yaşıl" transformasiyası tamamlanıb

Biznes
  • 13 noyabr, 2026
  • 10:39
MEXT: Azərbaycanda 15 şirkətin rəqəmsal və yaşıl transformasiyası tamamlanıb

Azərbaycanda 15 şirkətin rəqəmsal və "yaşıl" transformasiyası tamamlanıb.

"Report" xəbər verir ki, bunu Türkiyənin Rəqəmsal Fabriki - MEXT-in Satış və marketinq üzrə icraçı direktoru Barış Arıkan Bakıda keçirilən "Sənayenin texnoloji və yaşıl Transformasiyası" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) ilə birgə həyata keçirilmiş "Sənaye 4.0 Hazırlıq Proqramı" çərçivəsində 15 şirkətin həm rəqəmsal, həm də "yaşıl" transformasiyasının tamamlanması Azərbaycan sənayesi ilə əməkdaşlıqda mühüm başlanğıc nöqtəsi olub. "Proqrama 10 kiçik və orta biznes subyekti, 5 iri müəssisə daxil edilib. MEXT olaraq SIRI və COSIRI metodologiyalarından istifadə etməklə şirkətlərin rəqəmsal və dayanıqlılıq üzrə yetkinlik səviyyələrini birbaşa müəssisələrdə qiymətləndirdik. Daha sonra qiymətləndirmələrin nəticələrinə əsasən hər bir şirkət üçün fərdi transformasiya yol xəritələri hazırladıq və prioritet investisiya sahələrini müəyyənləşdirdik".

"Növbəti mərhələdə transformasiya layihələrini biznes modelləri və maliyyə gəlirliliyi təhlilləri ilə birlikdə daha da konkretləşdirərək nazirliyə təqdim etdik. Bununla yanaşı, şirkətlərin maliyyə resurslarına çıxış prosesini izləməyə başladıq. Şirkətlər proqramdan kifayət qədər razı qaldılar. Keçirilən sorğular nəticəsində 10 ballıq şkala üzrə 9,23 bal məmnuniyyət göstəricisi əldə etdik. Hazırda proqramın yeni mərhələsi üzrə müraciətlərin idarə olunması həyata keçirilir", - deyə B.Arıkan əlavə edib.

44 filmi