Polina Rəhimova: "Polşa komandası daha güclüdür, lakin biz də zəif deyilik"
- 06 noyabr, 2026
- 12:06
Yeniliklərdən dərhal xəbərdar olun!
CEV Çelenc Kubokunun 1/16 finalında "DH Volley"in rəqibi olan Polşanın LKS komandası daha güclüdür.
"Report" xəbər verir ki, bunu "DH Volley"in hücumçusu Polina Rəhimova Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.
O, 1/32 finalda Danimarkanın "Holte IF" klubuna 3:0 hesabı ilə qalib gəldikləri matçın gərgin keçdiyini bildirib:
"Qələbə münasibətilə komandamı təbrik edirəm. Oyun bizim üçün bir qədər çətin keçdi. Xüsusilə servis və qəbul zamanı çoxlu səhvlərə yol verdik. Amma sona qədər mübarizə apardıq və qələbə qazandıq".
36 yaşlı voleybolçu növbəti raundda qarşılaşacaqları LKS (Polşa) ilə görüşün daha çətin keçəcəyini söyləyib:
"Növbəti mərhələdə bizi Polşa komandası gözləyir. Budəfəki rəqib daha güclüdür, lakin biz də zəif deyilik. Onlara da qalib gələcəyimizə inanıram. Bu oyunda buraxdığımız nöqsanları aradan qaldırmaq üçün məşqlərdə öz üzərimizdə daha çox işləməliyik. Yeni rəqibə qarşı fərqli taktika ilə oynamalıyıq. Çünki bu iki komanda arasında böyük fərq var".
P.Rəhimova azarkeşlərə də minnətdarlığını ifadə edib:
"Bütün azarkeşlərimizə dəstəklərinə görə təşəkkür edirəm. Onları növbəti oyunlarımızda da bizə dəstək olmağa dəvət edirəm. Sizin dəstəyiniz bizim üçün çox önəmlidir".