"Neftçi"nin məşqçisi: "Avropa Kubokundakı oyunlarımız gərgin və maraqlı keçəcək"
- 06 oktyabr, 2025
- 11:28

"Neftçi" basketbol komandasının Avropa Kubokunun əsas mərhələsindəki oyunları gərgin və maraqlı olacaq.
Bu barədə "ağ-qaralar"ın məşqçisi Daviti Çivçivadze "Report"a açıqlama verib.
Mütəxəssis komandanın turnirdəki hədəflərindən söz açıb:
"Bu, "Neftçi" üçün tarixi bir andır. Əsas məqsəd yaxşı mübarizə aparmaq, klubu bu turnirdə layiqincə təmsil etmək və mümkün qədər çox qələbə qazanaraq ikinci raunda yüksəlməkdir".
Gürcüstanlı məşqçi I qrupdakı rəqiblər barədə danışıb:
"Rəqibləri təhlik etmişik. Bütün komandalar kifayət qədər güclüdür. "Trefl" (Sopot, Polşa) milli komandada çıxış edən yerli oyunçulara malikdir. Estoniyanın "Kalev" kollektivinin də güclü heyəti var. Azərbaycan təmsilçisi "Abşeron Lions" da təcrübəli və keyfiyyətli oyunçuları heyətinə qatıb. Hansısa kluba favorit demək çətindir. Çünki çox gərgin və maraqlı oyunlar olacaq".
Daviti Çivçivadzenin sözlərinə görə, cari mövsüm yalnız "Neftçi" üçün deyil, Azərbaycan basketbolu üçün tarixi andır:
"Avropakuboklarda ölkənin üç klubu iştirak edir və onlardan ikisi eyni qrupda mübarizə aparacaq. İnanıram ki, bu hadisə Azərbaycan basketbolu üçün yeni bir tarixin başlanğıcı olacaq".
Qeyd edək ki, "Neftçi" Avropa Kubokunun əsas mərhələsinin I qrupunda Estoniyanın "Kalev", Polşanın "Trefl" və Azərbaycanın "Abşeron Lions" komandası ilə üz-üzə gələcək.