Türk Dövlətləri Rəqabət Şurasında Rəqabət İnstitutunun yaradılması təklif edilir
- 14 oktyabr, 2026
- 12:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Türk Dövlətləri Rəqabət Şurası tərkibində Rəqabət İnstitutu yaradılmalıdır.
"Report" xəbər verir ki, belə bir təkliflə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov Bakıda keçirilən III Milli Rəqabət Forumunda çıxış edib.
O bildirib ki, ilk olaraq rəqabət siyasətinin Türk dövlətləri çərçivəsində koordinasiyası məsələsinə baxılmalıdır və UNEC belə bir Rəqabət İnstitutu yaradılarsa, onun katibliyi funksiyasını öz üzərinə götürməyə hazırdır: "Milli fəaliyyət Planının bir neçə hədəflərini xatırlatmaq istəyirəm. Bura rəqabət mühitinin diaqnostikası, rəqabətin inkişaf səviyyəsinin ölçən indikatorlar sisteminin yaradılması, rəqabət xəritəsinin yaradılması, rəqabət savadlılığı və rəqabət mədəniyyətinin artırılması, rəqabətin diaqnostikası metodologiyasının hazırlanması daxildir".
Ə. Muradov düşünür ki, bu hədəflərin reallaşdırılması üçün ayrıca bir mərkəzə ehtiyac var: "Təklif edirəm ki, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə birlikdə UNEC-də belə bir mərkəz yaradılsın".
O əlavə edib ki, təhsil proqramlarına rəqabət iqtisadiyyatının mövzularının daxil edilməsi dəyərli təklifdir: "Amma bunun icrasının gözlənilən nəticələrə yönəldilməsi üçün təklif edirəm ki, yenə də Dövlət Agentliyi ilə birlikdə Azərbaycan ali təhsil müəssisələrindən ibarət bir koordinasiya şurası yaradılsın. UNEC bu koordinasiya şurası yaradıldığı halda təşkilatçılıq missiyasını öz üzərinə götürməyə hazırdır".