Xudayar Həsənli: "Xəzər dənizində bütün kanal və şpurlar üzrə dərinlik 8,8 metr nəzərdə tutulub"

İnfrastruktur
  • 09 sentyabr, 2026
  • 11:31
Xudayar Həsənli: Xəzər dənizində bütün kanal və şpurlar üzrə dərinlik 8,8 metr nəzərdə tutulub

Gələn il Bakı Beynəlxalq Dəniz Limanında əsas planlaşdırma çərçivəsində dərinləşdirmə işlərinə başlanılması nəzərdə tutulur.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin tabeliyindəki "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin direktorunun məsləhətçisi Xudayar Həsənli Bakıda keçirilən "Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə" (CICA) formatında təşkil edilən "Limanların regional bağlantı və strateji əməkdaşlıqdakı rolu" adlı beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Xəzər dənizinin su səviyyəsinin enməsi regiondakı bütün dövlətlər üçün ciddi problem yaradır: "Biz həm limanlarımızı, həm də limana daxilolma kanalını dərinləşdirməyi planlaşdırırıq, çünki bu məsələ Xəzər dənizi hövzəsindəki bütün limanlar üçün başlıca problemdir. Bu vəziyyətdə Bakı limanı əsaslı təmir yox, məhz baş planlaşdırma üzrə dərinləşdirmə işlərinin aparılmasına qərar verib. Dərinləşdirmə prosesi gələn il başlayacaq, layihə planına görə bütün kanal və şpurlar üzrə dərinlik 8,8 metr nəzərdə tutulub".

X. Həsənli həmçinin vurğulayıb ki, hazırda Çindən gələn yeni marşrut Kaşqardan başlayaraq Qırğızıstan dəmir yolları ilə birləşdirilir: "Biz bilirik ki, Qırğızıstanın dəmir yolu şəbəkəsinin iki istiqaməti mövcuddur: cənub və şimal istiqamətləri. Lakin onlar bir-birinə bağlı deyil. Şimal hissəsi Qazaxıstana, cənub dəmir yolları isə Özbəkistana və Türkmənistana doğru uzanır. Bu, mahiyyət etibarilə Çin ixracatı və Qərb ölkələrinə, xüsusilə Avropa dövlətlərinə idxal baxımından yeni fürsət deməkdir.

Ümumilikdə, Çin ilə Avropa İttifaqı ölkələri arasındakı ticarət dövriyyəsi 18 milyon TEU konteyner həcmindədir. Əgər Türkiyəni və Qara dəniz hövzəsi ölkələrini də nəzərə alsaq, bu rəqəm 20 milyon TEU konteynerə çatacaq. Yəni imkanlar olduqca genişdir".