"Bank Avrasiya"nın mənfəəti 30 % azalıb

Maliyyə
  • 14 oktyabr, 2026
  • 12:47
Bank Avrasiyanın mənfəəti 30 % azalıb

"Bank Avrasiya" ASC bu ilin yanvar-sentyabr aylarını 3,996 milyon manat mənfəətlə başa vurub.

"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 30 % azdır.

9 ayda "Bank Avrasiya"nın əməliyyat gəlirləri 16,252 milyon manat (1 il əvvələ nisbətən 12,6 % çox), əməliyyat xərcləri 11,524 milyon manat (27 % çox), xüsusi ehtiyatlara ayırmaları 896 min manat (4,4 dəfə çox), gözlənilməz gəlirləri isə 164 min manat (69,9 % az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə "Bank Avrasiya"nın aktivləri 239,154 milyon manat olub ki, bu da illik müqayisədə 17,2 % çoxdur. Bunun 127,78 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 6,3 % böyüyüb.

Hesabat dövründə "Bank Avrasiya"nın öhdəlikləri 27,2 % artaraq 144,779 milyon manata, o cümlədən depozit portfeli 48 % artaraq 89,723 milyon manata, balans kapitalı isə 4,6 % artaraq 94,374 milyon manata çatıb.

Xatırladaq ki, "Bank Avrasiya" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 71,8 milyon manatdır. Bankın səhmlərinin 49,5 %-i "Azbizneskom" MMC-yə, 49,5 %-i "Top Properties" MMC-yə, 1 %-i isə Rüstəm Eynullayevə məxsusdur.