Xəzərin sahilində ictimai istifadə zonaları müəyyən ediləcək
- 19 noyabr, 2026
- 12:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Xəzər dənizinin sahilboyu ərazilərində ictimai istifadə zonaları aparılacaq qiymətləndirmə və zonalaşdırma işlərindən sonra müəyyən ediləcək.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Hüseyn Əliyev Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında keçirilən brifində bildirib.
Onun sözlərinə görə, ərazilərin istifadəsi zamanı insanların təhlükəsizliyi, infrastrukturun vəziyyəti, ekoloji tələblər və göstərilən xidmətlərin keyfiyyəti nəzərə alınacaq: "Zonalaşdırma başa çatdıqdan və müvafiq ərazilər təsdiqləndikdən sonra hər bir vətəndaş həmin zonalarla bağlı açıq məlumat əldə edə biləcək. Sahilboyu ərazilərin səmərəli istifadəsi ilə yanaşı, onların infrastrukturunun da düzgün formalaşdırılması vacibdir".
O qeyd edib ki, bu baxımdan şəhərsalma prinsipləri, ictimai məkanların təşkili və xidmətlərin keyfiyyəti nəzərə alınacaq: "Çalışacağıq ki, həmin ərazilər ictimaiyyət üçün kifayət qədər komfortlu, təmiz və keyfiyyətli olsun, orada göstərilən xidmətlər də sahibkarlar tərəfindən lazımi səviyyədə təmin edilsin".