Vyanada Azərbaycan və Rusiya dəmir yolları rəhbərləri arasında görüş keçirilib
- 22 fevral, 2018
- 06:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 22 fevral. REPORT.AZ/ Vyanada (Avstriya) keçirilən "Strateji Tərəfdaşlıq 1520: Mərkəzi Avropa” biznes-forumu çərçıvəsində "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Cavid Qurbanovla "Rusiya Dəmir Yolları” ASC-nin Prezidenti Oleq Belozyorov arasında ikitərəfli görüş keçirilib.
Bu barədə “Report”a ADY-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, ikitərəfli görüşdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb hissəsindən kecən ərazisinin gələcək inkişafı, Samur-Astara və Samur-Axalkalaki istiqamətində yüklərin və sərnişinlərin daşınmasının gələcək inkişafı və tarif şərtləri və digər məsələlər müzakirə olunub.
C.Qurbanov bildirib ki, Azərbaycanın önəm verdiyi beynəlxalq nəqliyyat layihələrindən biri də Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizidir: “Azərbaycan tərəfi öz üzərinə düşən vəzifələri qısa zaman ərzində yerinə yetirib. Hazırda Astarada (İran) 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşası da başa çatmaq üzrədir. Yaxın aylarda Astara (Azərbaycan)-Astara (İran) beynəlxalq dəmir yolunun istifadəyə verilməsi gözlənilir. Bu günlərdə Astara-Astara dəmir yolu marşrutu ilə Rusiyadan gələn 6 vaqondan ibarət ilk sınaq yük qatarı İrana yola salınıb”.
O.Belozyorov Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Azərbaycan tərəfinin gördüyü işləri yüksək qiymətləndirib və bu marşruta yük axınının cəlb edilməsi üçün bütün imkanların səfərbər edilməsinin vacib olduğunu bildirib.
Qeyd edək ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında razılaşma Rusiya, İran və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanıb və 21 may 2002-ci ildə qüvvəyə minib. Proqnozlara əsasən, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə Şimal-Cənub dəhlizi Avropa ölkələri, Rusiya, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.