UN-Habitat: Mənzil təminatı sosial-ekoloji risklərin əsas müəyyənedicisidir
- 20 may, 2026
- 14:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Mənzil təminatı sosial və ekoloji risklərin əsas müəyyənedicisidir.
"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Asiya və Sakit Okean regionu üzrə regional direktoru Kazuko İşiqaki Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "İnteqrasiya olunmuş Şəhər Həlləri və Mənzil üçün İnsan Təhlükəsizliyindən İstifadə - BMT-nin Birgə Fəaliyyətindən Dərslər" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, bu kontekstdə mənzil təminatı sadəcə dam və divarlardan ibarət deyil: "Mənzil həm təbii, həm də insan amili ilə bağlı müxtəlif növ risklərdən təhlükəsizliyi təmin edir. Mənzilin yerləşdiyi məkan uşaqların xidmətlərə çıxış əldə edə biləcəyini və yaxud onlardan məhrum olacağını müəyyən edə bilər. Bu, dolanışıq mənbələrinin sabit və ya daimi risk altında olmasına təsir göstərir. Mənzil təminatının qeyri-stabil və təcrid olunmuş olduğu yerlərdə həssaslıqlar daha da mürəkkəbləşir".
"Bununla belə, mənzil probleminə digər sosial, iqtisadi və ekoloji sistemlərlə əlaqəli şəkildə, bir insan hüququ müstəvisindən yanaşıldıqda, bu, gedişatı dəyişə bilər. UN-Habitat məhz bu məqamda insanı mərkəzə qoyan yanaşmanın, yəni "İnsanların Prosesi" (People's Process) adlandırdığımız konsepsiyanın dəyərini görür. "İnsanların Prosesi" insan yönümlü, olduqca inteqrasiya olunmuş bir yanaşmadır. O, bizə çağırışları ayrı-ayrı problemlər kimi deyil, insanların gündəlik həyatını formalaşdıran bir-biri ilə əlaqəli risklər və imkanlar kimi görməyə imkan verir. Bu isə bizi inteqrasiya olunmuş, proaktiv və yerli reallıqlara əsaslanan cavab tədbirlərinə doğru yönəldir".