UCLG rəsmisi: "DİM-lərin lokallaşdırılması siyasi məsələdir"
- 19 may, 2026
- 13:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) lokallaşdırılması texniki deyil, siyasi məsələdir.
"Report" xəbər verir ki, bunu Birləşmiş Şəhərlər və Yerli Hakimiyyətlər Təşkilatının (UCLG) Tərəfdaşlıq üzrə Baş Katibinin köməkçisi Pablo Fernandez Marmissolle-Daguerre Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Milli DİM-lərin (Dayanıqlı İnkişaf Məqsədlərinin) Lokallaşdırılması Çərçivələri" mövzusunda keçirilən tədbirdə deyib.
P. Marmissolle-Daguerre qlobal gündəmlərin uğurunun birbaşa istifadə olunan dildən və yanaşmadan asılı olduğunu vurğulayıb: "Biz hökumətlərarası danışıqlarda müdafiə tərəfi kimi çıxış edərək dili və terminologiyanı dəyişməyə çalışırıq. Çünki nəticədə qlobal gündəmlərin necə icra olunacağı məhz bu sözlərin daşıdığı mənadan asılı olacaq".
O qeyd edib ki, DİM-lərin lokallaşdırılması üçün hazırlanan çərçivələr ilk növbədə siyasi mahiyyət daşıyır: "Öz tərəfimizdən xüsusilə vurğulamaq istəyirik ki, biz çərçivələrdən danışarkən siyasətdən danışırıq. Bütün çərçivələrimiz siyasi mandatdan qaynaqlanır. Bunu unutmayaq, çünki biz tez-tez niyə hesabat verdiyimizi və niyə icra etdiyimizi unuduruq. Lakin hesabat veririk, çünki qarşısında məsuliyyət daşıdığımız siyasi mandatımız var. İcra edirik, çünki bu siyasi mandatlara görə cavabdehik. Qeyd etməliyəm ki, yerli hakimiyyətlərin hesabatlılıq prosesindəki rolunun genişləndirilməsi vacibdir".
O qeyd edib ki, yerli və regional hökumətlər icra prosesində birbaşa məsuliyyət daşıdıqları üçün hesabat vermək öhdəliyi də məhz onların üzərinə düşür: "Bu prosesi sadəcə texnikiləşdirmək olmaz, seçilmiş rəsmilərin üzərinə düşən siyasi məsuliyyəti hər zaman ön planda tutmalıyıq. DİM-lər haqqında hesabat vermək qərarı tamamilə siyasi bir addımdır və bu gündəliyin arxa planı siyasidir. Bu platforma yaşadığımız siyasi böhranlar fonunda DİM-lərin icrası üçün ən mühüm müttəfiqimizdir".