Türkiyənin "Albayrak" şirkətlər qrupu Bakı limanındakı yeni layihəsini açıqlayıb

İnfrastruktur
  • 30 oktyabr, 2023
  • 10:29
Türkiyənin Albayrak şirkətlər qrupu Bakı limanındakı yeni layihəsini açıqlayıb

Türkiyənin "Albayrak Holdinq” şirkətlər qrupu Bakı Beynəlxalq Dəniz Ticarət Limanında TIR parkını inşa etməyi planlaşdırır.

Bu barədə “Report”a şirkətdən bildirilib.

Qeyd olunub, ki TIR parkı inşa edildikdən sonra "Albayrak Group" parkın idarəetməsini həyata keçirəcək: “Parkın tikintisi bir il ərzində yekunlaşdırıla bilər”.

Qeyd edək ki, 2022-ci il iyulun 15-də “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və “Albayrak Holdinq” şirkətlər qrupu arasında müqavilə imzalanıb.

İmzalanan müqaviləyə əsasən, “Albayrak Holdinq” şirkətlər qrupu Bakı Limanı ilə birgə “Ro-Ro”, gübrə terminallarında fəaliyyət göstərəcək və digər mühüm sahələrdə sıx əməkdaşlıq edir.

Bakı Limanının strategiyasına uyğun olaraq dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsi çərçivəsində "Albayrak" şirkətlər qrupu ilə imzalanmış müqaviləyə əsasən sözügedən holdinq, istifadəyə verilməsi nəzərdə tutulan gübrə terminalının idarə edilməsində iştirak edir. Müxtəlif ölkələrdə liman idarəetməsi təcrübəsi olan “Albayrak” bu razılaşma ilə gübrə məhsullarının daha böyük həcminin Bakı limanı vasitəsilə, Azərbaycandan tranzit keçidinin təmin edilməsini hədəfləyir.

Hazırda Bakı limanında gübrə məhsullarının aşırılması “Ümumi yük terminalı”nda icra edilir ki, yeni gübrə terminalının işə düşməsi ilə bu məhsulların aşırılmasında artıma nail olunmaqla yanaşı limanın ümumi yük həcmində də artım olacağı proqnozlaşdırılır.

Türkiyənin “Albayrak” şirkətlər qrupunun Bakı limanında həyata keçirdiyi layihələrin ümumi dəyəri ilkin mərhələdə 30 milyon ABŞ dolları həcmində planlaşdırılır.