TRIPP layihəsi: Region üçün iqtisadi və geosiyasi imkanlar - ŞƏRH

İnfrastruktur
  • 11 noyabr, 2025
  • 16:21
TRIPP layihəsi: Region üçün iqtisadi və geosiyasi imkanlar - ŞƏRH

ABŞ-ın prezidenti Donald Trampın irəli sürdüyü TRIPP layihəsi (Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu) beynəlxalq arenada geniş müzakirələr doğurub. Layihənin məqsədi Avrasiya məkanında yeni nəqliyyat və iqtisadi əlaqələrin formalaşdırılması, xüsusilə Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında inteqrasiya və ticarət yollarının inkişaf etdirilməsidir. TRIPP təşəbbüsü həm regional geosiyasi balansı dəyişə, həm də Zəngəzur dəhlizi kimi strateji layihələrin reallaşmasına təkan verə bilər.

"Report"a açıqlama verən iqtisadçı ekspert Emin Qəribli bildirib ki, bu təşəbbüsə müsbət yanaşır və hesab edir ki, ABŞ-ın fəal iştirakı regionun iqtisadi və logistika dinamikasına ciddi təsir göstərəcək.

Onun sözlərinə görə, TRIPP təşəbbüsü Zəngəzur dəhlizinin reallaşmasına mane olan bir çox xarici problemlərin həllinə kömək edə bilər: "Zəngəzur dəhlizinin reallaşması ilə bağlı bir sıra çətinliklər var. Məncə, bu problemlərin əksəriyyəti xarici təsirlərdən qaynaqlanır. Əlbəttə, burada Ermənistanın qeyri-adekvat siyasəti də rol oynayır. Lakin Ermənistan çox güclü şəkildə xarici qüvvələrə tabe olan, onların təsiri altında qalan ölkədir. Burada həm Avropa İttifaqının, həm də Rusiyanın təzyiqləri hiss olunur. Rusiya ilk baxışdan müəyyən alternativlər təklif etsə də, onların heç biri reallaşmadı. Avropa isə, mənim fikrimcə, bu prosesə birbaşa mane olurdu. Səbəb aydındır – bütün ölkələr bu nəqliyyat prosesində iştirak etmək istəyir və hansısa tərəfin təşəbbüsü ilə razılaşmaq istəmirlər".

Ekspert hesab edir ki, ABŞ-ın bu regionda fəal iştirakı yeni imkanlar aça bilər:

"Rusiya və Avropa bu regionda daha çox təsir imkanına malikdir. Lakin ABŞ-ın iştirakının artması yaxın gələcəkdə layihənin reallaşmasına ciddi təkan verə bilər. ABŞ-ın çəkisi və təsiri bu layihənin həyata keçirilməsini təmin edə biləcək səviyyədədir. Məncə, məhz Trampın təşəbbüsü nəticəsində bu istiqamətdə müəyyən problemlərin aradan qalxdığını müşahidə edirik".

E. Qəribli əlavə edib ki, TRIPP təşəbbüsü Mərkəzi Asiya ölkələri üçün də çox əhəmiyyətlidir: "Məsələn, Qazaxıstan bu gün neft məhsullarının ixracında maraqlıdır. Özbəkistan isə iqtisadi potensialını artırır və Avropa bazarına çıxmaq istəyir. Türkmənistan daha çox Asiya bazarına yönəlib, lakin diversifikasiyada maraqlıdır. Bu regionda uran, qızıl və digər qiymətli resursların böyük ehtiyatları var. Bu ölkələr üçün TRİP kimi təşəbbüslər ixracın diversifikasiyası, Avropa bazarına inteqrasiya baxımından vacibdir".

Ekspertin fikrincə, bu təşəbbüs Azərbaycan üçün də yeni imkanlar yaradır: "ABŞ bu layihədə iştirak edirsə, bu, Azərbaycanın rolunu daha da gücləndirir. Biz görürük ki, Trampın prezidentliyi dövründə ABŞ Azərbaycanla bağlı proseslərə mane olmurdu, əksinə, müsbət yanaşırdı. Azərbaycan nəqliyyat-logistika mərkəzi kimi diversifikasiyada maraqlıdır. Biz bir istiqamətdən asılı olmaq istəmirik və buna görə də, İran və Gürcüstan üzərindən alternativ yollar da bizim üçün əhəmiyyətlidir. Amma Zəngəzur dəhlizinin açılması strateji baxımdan həlledici ola bilər".

İqtisadçı həmçinin qeyd edib ki, TRIPP təşəbbüsü regionun investisiya cəlbediciliyini artıracaq: "Layihə təkcə mədən və mineral resurslara deyil, ümumilikdə investisiya axınına təsir göstərə bilər. Bizdə investisiya cəlb edilməsi ilə bağlı ciddi problemlər olmasa da, qaz və neftin nəqli, ötürmə qabiliyyətinin artırılması istiqamətində sərmayələrə ehtiyac var. Prezident İlham Əliyev də bu sahəyə daha çox investisiya qoyulmasının vacibliyini vurğulayıb. TRIPP təşəbbüsü bu istiqamətdə dayanıqlı və strateji investorların cəlbini asanlaşdıra bilər".

Ekspertin fikrincə, bu layihə həm də iqtisadi inteqrasiya və gömrük münasibətlərinin sadələşdirilməsinə təkan verəcək: "TRIPP təkcə logistik layihə deyil, həm də bir növ marketinq addımıdır. Bu, Azərbaycanın iqtisadi-investisiya baxımdan daha cəlbedici görünməsinə kömək edir. Beynəlxalq iqtisadi institutların qiymətləndirməsinə görə, bu cür təşəbbüslər ölkənin investisiya mühitinə müsbət təsir göstərir. Ümumiyyətlə, nəqliyyat dəhlizləri bu gün iqtisadi inteqrasiyanın əsas təməlidir. TRİP gömrük rüsumlarının liberallaşdırılmasına, ticarət proseslərinin optimallaşdırılmasına və iqtisadi əlaqələrin dərinləşməsinə səbəb olacaq".

Ekspert hesab edir ki, TRIPP təşəbbüsü regionda iqtisadi inteqrasiyanın dərinləşməsinə, ticarət və logistika əlaqələrinin genişlənməsinə və Azərbaycanın beynəlxalq nəqliyyat mərkəzi kimi rolunun möhkəmlənməsinə şərait yaradacaq: "Bu təşəbbüs təkcə enerji təhlükəsizliyinə deyil, bütövlükdə iqtisadi əməkdaşlığa xidmət edəcək. ABŞ-ın təşəbbüsü region ölkələrinin Avropa bazarına çıxış imkanlarını genişləndirəcək və bu, həm Mərkəzi Asiya, həm də Azərbaycan üçün mühüm perspektivlər açacaq".

Son xəbərlər

Bütün Xəbər Lenti