IMF: Nəqliyyat dəhlizlərinin inkişafı Cənubi Qafqazda gömrük prosedurlarının harmonizasiyasını tələb edir
- 15 oktyabr, 2026
- 09:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Cənubi Qafqazda və Mərkəzi Asiyada nəqliyyat dəhlizlərinin inkişafı gömrük prosedurlarının və "yumşaq" infrastrukturun harmonizasiyasını tələb edir.
"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) Yaxın Şərq və Mərkəzi Asiya departamentinin direktor müavini Subir Lal "Yaxın Şərq və Mərkəzi Asiyanın regional iqtisadiyyatının inkişaf proqnozu" mövzusunda keçirilən brifinq zamanı deyib.
IMF nümayəndəsi vurğulayıb ki, "sərt" infrastrukturun – yolların və nəqliyyat bağlantılarının – yaradılması ilə yanaşı, "yumşaq" infrastrukturun inkişafı da kritik əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, hətta keyfiyyətli yollar mövcud olduqda belə, gömrük maneələri, tənzimləmədəki fərqlər və icazələrin alınması ilə bağlı çətinliklər səbəbindən yüklər sərhədlərdə bir neçə gün ləngiyərsə, region daxilində və onun hüdudlarından kənarda nəqliyyat əlaqəliliyinin artırılması əhəmiyyətli dərəcədə yavaşlaya bilər:
"Siyasətçilər regionun iqtisadi dəhlizlərinin inkişafını stimullaşdırmaq və bütün ölkələrin onlardan tam şəkildə istifadə edə bilməsi üçün diqqəti tənzimləmə məsələlərinə, mövcud qaydaların uyğunluğuna və onların harmonizasiyasına yönəltməlidirlər".