Şəkidə "Ağıllı Qoruq" konsepsiyası tətbiq olunacaq

İnfrastruktur
  • 22 may, 2026
  • 12:46
Şəkidə Ağıllı Qoruq konsepsiyası tətbiq olunacaq

Şəkidə "Ağıllı Qoruq" konsepsiyasının tətbiq olunması nəzərdə tutulur.

"Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin Memarlıq sektorunun müdiri Gülnar Əliyeva Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Şəhərlərdə Rəqəmsal Transformasiya" adlı tədbirdə deyib.

"Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində "Ağıllı Qoruq" (Smart Qoruq) konsepsiyasının tətbiqi planlaşdırılır. Konsepsiya çərçivəsində turistlərin rahatlığının təmin olunması məqsədilə naviqasiya və məlumatlandırma sistemləri qurulacaq. Qoruq ərazisində rəqəmsal bilet satışı sisteminin tətbiqi də nəzərdə tutulur. Yeniliklər turistlərin qoruğu daha rahat və səmərəli şəkildə ziyarət etməsinə imkan yaradacaq", - deyə o qeyd edib.

Sektor müdiri əlavə edib ki, Şəki şəhərinin zəngin mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində fəaliyyət davam etdiriləcək: "Tarixi irsin mühafizəsi ilə bağlı həyata keçirilən layihələr həm konservasiya, həm də müasir idarəetmə mexanizmlərinin tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır".