Sədr: "Ələt Azad İqtisadi Zonası beynəlxalq logistika qovşağı kimi formalaşır"
- 11 iyun, 2026
- 10:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Ələt Azad İqtisadi Zonası beynəlxalq logistika qovşağı kimi formalaşır.
"Report" xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov "Dayanıqlılıq və enerji transformasiyası" mövzusunda Bakıda keçirilən "Technovation" Forumunda bildirib.
"Biz yalnız qonşu ölkələrdə deyil, daha geniş coğrafiyada fəaliyyət göstərən istənilən azad iqtisadi zonadan daha cəlbedici olmağa borcluyuq. Rəqabətədavamlı olaq ki, investorlar məhz Ələt Azad İqtisadi Zonasını seçsinlər. Məhz buna görə də Ələt Azad İqtisadi Zonası üçün xüsusi məkan seçilib. Bu ərazi beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində - Şərq–Qərb və Şimal–Cənub marşrutlarının qovşağında, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yerləşir. Bu isə bizə investorlar və müştərilər üçün su, dəmir yolu və dəniz nəqliyyatı vasitəsilə geniş logistik xidmətlər təqdim etmək imkanı yaradır", - deyə o qeyd edib.
Bundan başqa, sədr deyib ki, Ələt Azad İqtisadi Zonasında yüksək texnologiyalar üçün yeni logistika-infrastruktur modeli formalaşdırılır: "Yüksək texnologiya sənayesinin inkişafı üçün istehsal sahələrinə yaxın ərazidə karqo hava limanının mövcudluğu xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə Ələt Azad İqtisadi Zonası ərazisində karqo hava limanının tikintisi üçün yerli aviadaşıyıcı "Silk Way Airlines" şirkəti ilə razılıq əldə edilib. Bu, təkcə Azərbaycanda deyil, ümumilikdə azad iqtisadi zona ərazisində inşa edilən ilk hava limanı olacaq. Onun tikintisinə 2024-cü ilin mart ayında başlanılıb və gələn il hava limanının tam istifadəyə verilməsi planlaşdırılır. Bu infrastruktur yüksək texnologiya şirkətlərinin Ələt Azad İqtisadi Zonasında öz bizneslərini qurması üçün əlavə imkanlar yaradacaq".
"İnvestorlar üçün digər mühüm məqam ondan ibarətdir ki, biz onları infrastruktur və kommunal xidmətlərlə tam təmin olunmuş sənaye torpaq sahələri ilə təmin etməyə hazırıq. Bu sahələr tələb yaranmadan əvvəlcədən hazırlanır. Tələbin hələ formalaşmadığı şəraitdə belə qabaqlayıcı investisiyaların həyata keçirilməsi asan deyil, lakin belə yanaşma olmadan investorların cəlbi mümkün deyil. Bu baxımdan İrlandiyanın "Şennon" Azad İqtisadi Zonası və Sinqapurun "Curonq" təcrübələri mühüm nümunədir. Xüsusilə Curonq Azad Zonası üçün bütöv bir adanın yaradılması bu yanaşmanın miqyasını göstərir. Növbəti əsas üstünlük isə vergi və gömrük güzəştləridir. Burada bütün növ vergi, gömrük rüsumları və digər rəsmi ödənişlər tətbiq edilmir", - deyə V.Ələsgərov əlavə edib.
Həmçinin, onun sözlərinə görə, Ələt Azad İqtisadi Zonasında hüquqi baza investorlar üçün sabit və proqnozlaşdırıla bilən mühit yaradır: "Zonanın cəlbediciliyinin ən mühüm amillərindən biri onun hüquqi bazasıdır. Bu zona "Ələt Azad İqtisadi Zonası haqqında" qanuna əsaslanır. Həmin qanun digər qanunlarından üstün hüquqi qüvvəyə ("prevailing law statusu") malikdir. Azad iqtisadi zonaların tarixində belə xüsusi hüquqi rejimlərin tətbiqi yeni deyil. Oxşar yanaşmalar 1959-cu ildə İrlandiyada, daha sonra Sinqapurda, Çində və digər ölkələrdə tətbiq olunub. Bu cür üstün qanunvericilik çərçivəsinin mövcudluğu investisiya mühiti üçün həlledici əhəmiyyət daşıyır.
Bu qanuna əsasən, ümumi daxili qanunvericilik Ələt Azad İqtisadi Zonasına və onun rezidentlərinə şamil edilmir. Zonanın ərazisində bütün münasibətlər yalnız bu qanun və Zonanın daxili qaydaları ilə tənzimlənir. Məsələn, planlaşdırma-tikinti icazələri üzrə prosedurlar xüsusi olaraq sadələşdirilib. Bildiyiniz kimi, bir çox ölkədə tikinti və planlaşdırma icazələrinin alınması aylarla çəkən mürəkkəb prosesdir. Ələt Azad İqtisadi Zonasında isə, layihə sənədləri Avropa standartlarına ("European code") uyğun hazırlandığı halda, icazələrin verilməsi və tikintiyə başlanması cəmi 3–5 gün ərzində həyata keçirilə bilər".