Qambiya paytaxtının meri Azərbaycanın yerli özünüidarəetmə sahəsində dəstəyini yüksək qiymətləndirib
- 19 may, 2026
- 14:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Dünya ictimaiyyəti iqlim dəyişikliyi ilə mübarizədə bəyannamələrdən konkret addımlara keçməlidir, çünki məhz şəhərlər və həssas icmalar artıq bu gün iqlim böhranının nəticələri ilə üzləşirlər.
"Report" xəbər verir ki, bunu Banjul (Qambiya) meri Rohi Malik Lou (Rohey Malik Lowe) Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Qeyri-sabit və münaqişələrdən zərər çəkmiş ərazilərdə şəhər həlləri vasitəsilə iqlimə sülhyönümlü müsbət təsir" adlı panel sessiyasında bildirib.
Banjul merinin sözlərinə görə, çoxsaylı beynəlxalq müzakirələr və iqlim sammitləri iqlim risklərinə ən çox məruz qalan ölkələrə real dəstək və praktik addımlarla müşayiət olunmalıdır: "Beynəlxalq ictimaiyyəti bəyannamələrlə kifayətlənməyə son qoymağa və iqlim siyasəti sahəsində real addımlara keçməyə çağırıram. Görüşlər faydalıdır, lakin biz fəaliyyətə başlamalıyıq".
O qeyd edib ki, məhdud resurslara baxmayaraq, Qlobal Cənub şəhərləri artıq iqlim dəyişikliyinin fəsadları ilə mübarizənin ön cəbhəsindədirlər.
Mer həmçinin inkişaf etməkdə olan ölkələrdə yerli özünüidarəetmə və dayanıqlı inkişaf sahəsindəki təşəbbüslərə verilən dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib. Onun sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyinin dəstəyi ilə Banculda qadınların hüquq və imkanlarının genişləndirilməsinə, eləcə də qızların təhsilə çıxışının təmin edilməsinə yönəlmiş su layihəsi həyata keçirilir.
"Yaşıl" iş sülh naminə işdir", - R.Lou bildirib.
O vurğulayıb ki, ekoloji və sosial layihələrə qoyulan investisiyalar təkcə iqlim dayanıqlılığına deyil, həm də cəmiyyətdə sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə kömək edir.