Orta Dəhlizin inkişafı çərçivəsində Ukrayna və Gürcüstan arasında bərə marşrutu bərpa ediləcək

İnfrastruktur
  • 10 sentyabr, 2025
  • 11:09
Orta Dəhlizin inkişafı çərçivəsində Ukrayna və Gürcüstan arasında bərə marşrutu bərpa ediləcək

Orta Dəhliz və "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" kimi strateji nəqliyyat və enerji layihələri dənizləri regionların davamlı inteqrasiyası yoluna çevirir.

"Report" xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Bakıda keçirilən "Qara dəniz-Xəzər logistika forumu 2025: dəhlizlər, yüklər, infrastruktur" adlı konfransda bildirib.

"Bu təşəbbüslər təcavüz qarşısında iqtisadi dayanıqlılığın güclü alətləridir. Bundan əlavə, bu kimi təşəbbüslər artıq dəyərinə və çatdırılma vaxtına görə Rusiya marşrutlarını üstələyib. Bu gün Qara dəniz və Xəzər dənizi təcavüzkar nəzarət zonası ilə ölkələr koalisiyası arasında sərhədə çevrilib. Bu koalisiya belə suları inkişaf, inteqrasiya və təhlükəsizlik kanallarına çevirir. Logistik yolların optimallaşdırılması ikitərəfli ticarəti əhəmiyyətli dərəcədə asanlaşdıracaq və tranzit həcmlərini artıracaq başlıca vəzifədir", - səfir qeyd edib. 

Onun sözlərinə görə, bu istiqamətdə Ukrayna və Gürcüstan arasında bərə marşrutunun bərpası üçün tədbirlər görülür: "Bu, Orta Dəhlizin və GUAM dəhlizinin inkişafı çərçivəsində Ukraynanı Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətləri ilə birləşdirən dəniz-dəmir yolu əlaqəsinin bir hissəsidir".