OECD: Mənzil öhdəlikləri kifayət qədər resurs olmadan icra edilir
- 19 may, 2026
- 12:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Hazırda yerli hökumətlər mənzil öhdəliklərini kifayət qədər resurs olmadan icra edir.
"Report" xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şəhərlər, Şəhərsalma Siyasəti və Dayanıqlı İnkişaf Bölməsinin Rəhbəri Aziza Akhmouch Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Siyasətdən Təsirə: Mənzil Təminatının Miqyasının Artırılması" tədbirində bildirib.
Onun sözlərinə görə, maliyyə baxımından da bu vəziyyət dayanıqlı deyil, çünki mənzil sahəsindəki səlahiyyətlərin yerli idarəetmə orqanları arasında da pərakəndə paylandığı məlumdur: "Yerli icra hakimiyyətləri icazələrin verilməsi, torpaqdan istifadənin planlaşdırılması, infrastrukturun qurulması baxımından çox mühüm rol oynayırlar. Lakin çox vaxt onlardan bu işləri tam resurs və alətlər qutusu olmadan etmək tələb olunur. Bu həftənin əvvəlində eşitdiyim bir sitat mənə çox maraqlı gəldi: "Yerli hökumətlərdən qlobal problemləri yerli büdcələrlə həll etmək gözlənilir". Düşünürəm ki, problem məhz budur - maliyyələşdirilməyən öhdəliklər, hansı ki, təbii ki, dayanıqlı deyil.
Ona görə də, əgər biz fəaliyyəti genişləndirmək (böyütmək) məsələsində həqiqətən ciddiyiksə, milli hökumətlər bu işə çox ciddi şəkildə qoşulmalıdırlar. Bizə aydın çərçivələr, uyğunlaşdırılmış stimullar, davamlı investisiyalar lazımdır; bu, təkcə mənzil təklifini artırmaq, icazə sistemlərini sürətləndirmək, infrastruktura investisiya qoymaq, irimiqyaslı maliyyə cəlb etmək üçün deyil, həm də institusional potensialı gücləndirmək üçün zəruridir".