Nqa Kor Minq: WUF13 çərçivəsində şəhərsalma siyasətləri hazırlanacaq

İnfrastruktur
  • 18 may, 2026
  • 09:42
Nqa Kor Minq: WUF13 çərçivəsində şəhərsalma siyasətləri hazırlanacaq

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) işinin əsas nəticəsi şəhərsalma sahəsində siyasətin işlənib hazırlanması olacaq.

"Report" xəbər verir ki, bu barədə Malayziyanın mənzil inşası və yerli idarəetmə naziri, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının fəaliyyətdə olan prezidenti Nqa Kor Minq Bakıda WUF13-ün açılışına həsr olunmuş mətbuat konfransında bildirib.

Assambleyanın rəhbəri qeyd edib ki, urbanizasiya prosesləri müasir cəmiyyəti sürətlə dəyişməyə davam edir:

"Şəhərlər nəhəng iqtisadi imkanlar açır, innovasiyaları və mədəni mübadiləni stimullaşdırır. Lakin bununla yanaşı, onlar getdikcə daha tez-tez kəskin mənzil böhranı, iqlim riskləri, sosial bərabərsizlik və infrastruktur ilə ictimai xidmətlər üzərinə düşən artan yüklə üzləşirlər. Milyonlarla insan, xüsusən də əhalinin həssas təbəqələri üçün mənzilə əlçatanlıq ən kəskin problemlərdən biri olaraq qalır. Məhz buna görə də Bakı forumunun əsas mövzusu - "Hamı üçün mənzil: təhlükəsiz, dayanıqlı şəhərlər və icmalar" - bu gün xüsusilə vaxtında səslənir".

Nazir əlavə edib ki, bütün bu həftə ərzində WUF13 çərçivəsindəki müzakirələr inklüziv şəhər mühitinin yaradılmasına dair praktiki yanaşmalar ətrafında cəmləşəcək: "Biz mənzil siyasəti və maliyyələşdirilməsi sahəsində fəal təcrübə mübadiləsini gözləyirik. Yekunlara əsasən isə şəhərsalma üzrə siyasətlər hazırlanacaq".