Misir rəsmisi: "Əlçatan mənzil üçün dövlət dəstəyini və maliyyə mexanizmlərini genişləndiririk"
- 21 may, 2026
- 10:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Misir əlçatan mənzil üçün dövlət dəstəyini və maliyyə mexanizmlərini genişləndirir.
"Report" xəbər verir ki, bunu Misirin Sosial Mənzil və İpoteka Maliyyəsi Fondunun baş icraçı direktoru May Abdel Hamid Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Mənzil Maliyyələşdirilməsi üçün Yeni Razılaşma" adlı tədbirdə bildirib.
"Bizim 100 milyon əhalimiz var və başlanğıcda xüsusilə aztəminatlı insanlar üçün mənzil təklifində çatışmazlıqlarımız var idi. Mənzil sistemi həqiqətən də çox pərakəndə idi. Subsidiyalaşdırılmış və maliyyələşdirilmiş mənzilləri təmin edə bilmək üçün böyük bir ekosistem yaratmalı idik. Yəni məsələ təkcə maliyyə bazarlarını və istiqrazlar üçün təkrar bazarları yaratmaqdan ibarət deyildi. Mənzil təminatı prosesində çoxlu problemlər var idi və bu prosesə həddindən artıq çox maraqlı tərəf cəlb olunmuşdu. Üstəlik, müzakirə olunduğu kimi, biz təkcə evlər deyil, bütöv yaşayış mühiti (habitat) inşa edirdik. Buna görə, bu bütöv ekosistemi qura bilmək üçün bütün maraqlı tərəflərlə geniş koordinasiya yaratmağa ehtiyacımız var idi. Məsələn, mülkiyyət hüquqlarının qeydiyyatında Ədliyyə Nazirliyi iştirak edirdi, çünki banklar müəyyən bir mərhələdə ipotekanı qeydiyyata almalı idilər. Dövlətin kifayət qədər yaxşı ərazidə infrastrukturla təmin olunmuş torpaq sahələrinin təklif etməsi lazım idi və biz bu torpaqları ödənişsiz alırdıq", - deyə o qeyd edib.