Aytən Axundova: "Nəqliyyat qanunvericiliyində sığorta mexanizmi təkmilləşdirilməlidir"
- 21 oktyabr, 2026
- 11:13
Yeniliklərdən dərhal xəbərdar olun!
Yeni "Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" qanunda tam sığorta təminatı mexanizmi yoxdur.
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Biznes Forumunun 2024–2026-cı illər üzrə qrup rəhbəri Aytən Axundova "EU Business Climate Report Azerbaijan 2025/2026" hesabatını təqdim edərkən bildirib.
"Bu yaxınlarda qəbul edilmiş qanunun sığorta təminatı hissəsinin təkmilləşdirilməsinə ehtiyac var. Sənəddə logistika və ekspeditor şirkətləri üçün sığorta polisinin olmasını tənzimləyən normalar yoxdur", - o qeyd edib.
A.Axundova vurğulayıb ki, yeni normativ-hüquqi aktda bir sıra müsbət və biznesin inkişafına təkan verən müddəaların mövcud olmasına baxmayaraq, sığorta sahəsində dəqiq tənzimləmənin olmaması bazar iştirakçıları üçün əhəmiyyətli risklər yaradır: "Mövcud şəraitdə daşınma zamanı yükün zədələnməsi və ya itirilməsi halında, əvvəlcədən tam sığorta təminatı əldə etmək imkanından məhrum olan daşıyıcılar bütün maliyyə məsuliyyətini birbaşa üzərlərinə götürməli olurlar. Bazar iştirakçıları əmindirlər ki, icbari sığorta polisi ilə bağlı normaların tətbiqi, həmçinin ölkənin beynəlxalq sahə konvensiyalarında daha geniş iştirak etməsi yerli daşıyıcıların maraqlarının qorunması və Azərbaycanın logistika sektorunun rəqabət mövqelərinin möhkəmləndirilməsi üçün zəruridir".