MİDA: "Güzəştli mənzil" sistemi üzrə seçim prosesinin təhlükəsizliyi tam qorunur

İnfrastruktur
  • 20 avqust, 2026
  • 12:29
MİDA: Güzəştli mənzil sistemi üzrə seçim prosesinin təhlükəsizliyi tam qorunur

Azərbaycanda "Güzəştli mənzil" sistemi müntəzəm olaraq təkmilləşdirilir və seçim prosesinin təhlükəsizliyi tam şəkildə qorunur.

"Report" xəbər verir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) aparat rəhbəri Cəmşid Əmirov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hər hansı kənar müdaxilənin baş verməsi mümkün deyil: "Güzəştli mənzil" sistemindən istifadə zamanı vətəndaşların rahatlığını təmin etmək məqsədilə agentlik mütəmadi olaraq təkmilləşdirmə işləri aparır. Əsas məqsəd hər bir istifadəçi üçün bərabər seçim şəraiti yaratmaq, şəffaflığı və operativliyi təmin etmək, eyni zamanda seçim prosesinin tam təhlükəsizliyinə və bütövlüyünə nail olmaqdır".

MİDA rəsmisi əlavə edib ki, indiyə qədər güzəştli mənzillərin satışı zamanı vətəndaşlar üç seçim üsulu ilə mənzillərin seçimində iştirak edib: "Bu seçimlər zamanı bəzi vətəndaşlar otaq sayı və yaxud da ödəniş növündə yanlış seçimlər edirdilər. Belə halların qarşısının alınması üçün agentlik "Güzəştli mənzil" sisteminin satış modulunda seçim üsulları ilə bağlı müəyyən yeniliklər tətbiq edir".

Xatırladaq ki, MİDA vətəndaşların məmnunluğunun artırılması, "Güzəştli mənzil" sistemindən istifadənin daha əlçatan olması məqsədilə mənzil seçimi mərhələlərində bir sıra dəyişiklik edib.