Mariana Posada Lombana: Meksika əhalisinin 15%-i özünü aborigen xalqların nümayəndəsi hesab edir
- 22 may, 2026
- 10:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Meksikada təxminən 17 milyon insan (ümumi əhalinin 15%-i) özünü yerli xalqların nümayəndəsi hesab edir.
"Report" xəbər verir ki, bunu Meksika Xarici İşlər Nazirliyinin (XİN) təmsilçisi Mariana Posada Lombana Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərcivəsində təşkil edilmiş Yerli Xalqların Hüquqları üzrə Dəyirmi Masada deyib.
O qeyd edib ki, yerli xalqlardan danışarkən çox böyük etnik, dil, coğrafi məskunlaşma və hər bir qrupa məxsus konstitusion təcrübə müxtəlifliyindən bəhs edilir:
"Buna görə də yerli xalqları vahid, homogen anlayış kimi qəbul etmək mümkün deyil. Elə bir universal resept və ya dövlət siyasəti yoxdur ki, bu kriteriyaların hamısına uyğun gəlsin. Hər bir etnik qrupun özünəməxsus xüsusiyyətlərini nəzərə almaq lazımdır. Məsələn, Meksikada təxminən 3,1 milyon insan (əhalinin 2,4%-i) özünü afro-mənşəli hesab edir".
Meksika nümayəndəsi vurğulayıb ki, ilk növbədə, hökumətlər yerli xalqlarla bağlı məsələlərin hüquqi statusunu ən yüksək səviyyəyə qaldırmalıdırlar:
"Meksika Konstitusiyasının 2-ci maddəsində yerli xalqların və afro-meksikalı icmaların muxtariyyət, öz müqəddəratını təyin etmə, konstitusion hüquqlarını həyata keçirmə, torpaq sahibliyinə çıxış və təbii resurslardan istifadə və faydalanma hüquqları təsbit olunub. Digər tərəfdən, yerli xalqlarla bağlı məsələlərin həlli üçün dövlət səviyyəsində xüsusi qurumların yaradılması da vacibdir. Meksikada Yerli Xalqlar üzrə Milli İnstitut mövcuddur. Bu qurum 2018-ci ildə təsis olunub, lakin onun sələfi olan Milli Yerli Xalqlar İnstitutu hələ 1948-ci ildə yaradılmışdı. Bu institut yerli xalqların hüquqlarının həyata keçirilməsi və tətbiq olunmasını təmin etmək, onların hərtərəfli və dayanıqlı inkişafını dəstəkləmək, həmçinin mədəniyyət və kimliklərini gücləndirmək məqsədilə bütün dövlət siyasətlərini, proqramlarını, layihələrini və fəaliyyətlərini tənzimləyir".