Laura Puttkamer: Bakı forumun təşkilinə görə ən yüksək qiymətə layiqdir

İnfrastruktur
  • 21 may, 2026
  • 18:03
Laura Puttkamer: Bakı forumun təşkilinə görə ən yüksək qiymətə layiqdir

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) təşkili ən yüksək qiymətə layiqdir, yerli könüllülərin qüsursuz işi isə tədbirin ən güclü tərəflərindən biri olub.

"Report" xəbər verir ki, bu barədə "Urban Solutions Journal"ın jurnalisti Laura Puttkamer (Laura Puttkammer) WUF13 çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

Jurnalist qeyd edib ki, karyerası ərzində artıq dörd WUF forumunda işləyib, lakin Bakı sammiti öz atmosferi ilə müsbət mənada fərqlənir:

"Belə yüksək keyfiyyətli hazırlığa görə Bakının zəhmətini layiqincə giymətləndirmək lazımdır. Könüllülərin rolunu xüsusi vurğulamaq istəyirəm - onlar sadəcə möhtəşəmdirlər. Onların mehribanlığı və kömək etməyə səmimi şəkildə hazır olmaları hər bir nümayəndə üçün rahat mühit yaradır".

L.Puttkamer həmçinin forumun rahat nəqliyyat əlçatanlığını və şəhərin həyat ritmini daha yaxşı hiss etmək imkanını qeyd edib:

"Əgər Qahirədəki əvvəlki forumda konfrans mərkəzi təcrid olunmuş və yaşayış məhəllələrindən uzaqda yerləşirdisə, Azərbaycan paytaxtında iştirakçılar metropolitendən asanlıqla istifadə edə və şəhər mühiti ilə aktiv şəkildə təmasda ola bilərlər".

Eyni zamanda L.Puttkamer əlavə edib ki, urbanizm və təbiətin vəhdəti, xüsusən də Xəzər dənizinə yaxınlığı sayəsində Bakı onda güclü təəssürat yaradıb. O, mətbuat nümayəndələri üçün Xəzər sahilinə səfərlə bağlı tədbirdə iştirak etməyi planlaşdırdığını bildirib və şəhər inkişafını və ekoloji transformasiyanı anlamaq üçün bu cür təcrübənin vacibliyini qeyd edib.

Puttkamerin sözlərinə görə, mövcud ekoloji çağırışlara baxmayaraq, Bakı Xəzər dənizinin ayrı-ayrı sahələrinin təmizlənməsində nəzərəçarpacaq irəliləyişə nail ola bilib.

O həmçinin əlçatan mənzil mövzusunu hazırkı forumda ən vacib məsələlərdən biri adlandırıb və 171 inklüziv və dayanıqlı mənzil nümunəsinin təqdim olunduğu "Urban Expo"nu ziyarət etməyi tövsiyə edib.