Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin başlanğıc nöqtəsi olmalıdır
- 19 may, 2026
- 11:28
Yeniliklərdən dərhal xəbərdar olun!
Mənzilə son məqsəd kimi deyil, təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtəsi kimi baxılmalıdır.
"Report" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı şahzadəsi, UN-Habitat-ın ərəb dövlətləri üzrə regional xoşməramlı səfiri Lamiyə bint Məcid Əl Səud Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) "Mənzilin sosial və iqtisadi gücü" adlı panel müzakirəsi zamanı bildirib.
O, beynəlxalq ictimaiyyəti mənzilin fundamental əhəmiyyətini yenidən dəyərləndirməyə çağırıb. "Mənzil – yekun nəticə və ya özlüyündə bir məqsəd deyil, başlanğıc nöqtəsidir. Son nəticədə mənzil insanlara təhlükəsizlik hissi, başları üzərində dam, sabitliyin, ləyaqətin və qorunmanın nə olduğunu anlamaq imkanı verir. Mənzilin əsl mənası məhz bundadır", - o deyib.
Lamiya Əl-Səudun sözlərinə görə, "Alwaleed Philanthropies" fondu artıq təxmini 45 ildir bütün dünyada mənzil məsələlərinin həlli və layiqli yaşayış şəraitinin təmin edilməsi ilə məşğul olur, bunun sayəsində 1,2 milyon insan mənzillə təmin edilib, fondun bəşəriyyətin dəstəklənməsinə və qadın hüquqlarının müdafiəsinə yönəltdiyi investisiyaların ümumi həcmi isə 5 milyard dolları ötüb.
O, xüsusilə vurğulayıb ki, əsas vəzifə yalnız binaların inşası deyil, həm də ailələrə uzunmüddətli iqtisadi sərbəstlik və müstəqillik əldə etməyə kömək edən həyat qabiliyyətli mühitin yaradılmasıdır.