Hindistan XİN başçısı: Azərbaycan və Hindistan "Şimal-Cənub" dəhlizi üzrə koordinasiyanı gücləndirəcək
- 23 oktyabr, 2026
- 13:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan və Hindistan "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi üzrə qarşılıqlı fəaliyyəti daha sıx əlaqələndirmək barədə razılığa gəliblər.
"Report" xəbər verir ki, bu barədə Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.
Nazir qlobal iqtisadiyyat üçün nəqliyyat əlaqələrinin əhəmiyyətini vurğulayıb.
"Hər iki ölkə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinə vəsait yatırır. O, bizim üçün böyük əhəmiyyət kəsb edir. Bu gün biz bu istiqamətdə daha sıx koordinasiya barədə razılığa gəldik", - Cayşankar deyib.
O, həmçinin Azərbaycan mütəxəssislərinin Hindistanın Texniki və İqtisadi Əməkdaşlıq Proqramında (ITEC) iştirakını bərpa etməyi və genişləndirməyi təklif edib.
Onun sözlərinə görə, proqram çərçivəsində mübadilələr müxtəlif sahələrdə peşəkar əlaqələrin qurulmasına töhfə verir. Cayşankar qeyd edib ki, azərbaycanlı həmkarını mütəxəssislərin proqramda iştirakının bərpa olunmasına və onların sayının artırılmasına dəstək verməyə çağırıb.
Nazir həmçinin xatırladıb ki, bu ilin aprelində iki ölkənin XİN-ləri arasında məsləhətləşmələr keçirilib. Onun dəyərləndirməsinə görə, bu cür mexanizmlər ikitərəfli münasibətlərin inkişafına dair daha ətraflı yol xəritəsini formalaşdırmağa imkan verir.