IsDB: Orta Dəhlizin potensialının reallaşdırılması üçün yeni maliyyələşdirmə modelləri zəruridir
- 19 iyun, 2026
- 13:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Yeni maliyyələşdirmə mexanizmləri yaradılmadan Orta Dəhlizin potensialından tam istifadə etmək mümkün deyil.
"Report" xəbər verir ki, bunu İslam İnkişaf Bankı (IsDB) Qrupunun iqtisadi infrastruktur şöbəsinin (ESID) rəhbəri Hüseyn Moqaybel Bakıda təşkil olunan IsDB Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən panel müzakirələri zamanı bildirib.
Onun sözlərinə görə, bu tipli regional və nəqliyyat dəhlizi layihələri, bir qayda olaraq, böyük həcmdə investisiya qoyuluşu tələb edir: "Bu da, həmkarlarımızın vurğuladığı kimi, yeni maliyyələşdirmə modellərinin işlənib hazırlanmasını qaçılmaz edir. Bununla yanaşı, bütün tələbatların yalnız çoxtərəfli inkişaf bankları vasitəsilə ödənilməsi qeyri-mümkündür. Bu səbəbdən, özəl sektorun prosesə qoşulması müstəsna əhəmiyyət kəsb edir. Yeni maliyyələşdirmə alətləri və modelləri formalaşdırılmalı, ən başlıcası isə prosesdə iştirak edən müxtəlif tərəflər arasında səmərəli regional əlaqələndirmə mexanizmi qurulmalıdır".
H. Moqaybel hesab edir ki, əməkdaşlıq və koordinasiya həlledici funksiya daşıyır: "Hər bir iştirakçı tərəf kooperasiyanın möhkəmləndirilməsinə öz payını verə bilər. Bu kontekstdə, hökumətlər, özəl sektor təmsilçiləri və digər maraqlı tərəflər arasında əlaqələrin yaradılmasında geniş şəbəkələşmə potensialına sahib çoxtərəfli inkişaf banklarının rolu xüsusilə diqqətəlayiqdir. Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB), inkişaf bankları olan IsDB və Asiya İnkişaf Bankı (ADB), eləcə də layihələrin hazırlanmasına dəstək verən MCDF və ticarətin maliyyələşdirilməsi sahəsində çalışan qurumlar kimi fərqli missiya və mandatlara malik bu institutların cəlb olunması ilə işçi qrupunun təsis edilməsi dialoqu konkret fəaliyyət proqramına çevirmək baxımından əhəmiyyətli rol oynaya bilər. Məhz bu səbəblə növbəti addımda əsas hədəf bu müzakirələrin nəticələrini konkret proqramlara və real fəaliyyət planlarına transformasiya etməkdir. Dialoqdan sonra hansı layihələrin və təşəbbüslərin reallaşdırıla biləcəyi istiqamətində birgə iş aparmaq vacibdir".