Xocavəndin iki kəndində qazlaşdırma işləri həyata keçirilir
- 19 oktyabr, 2026
- 14:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi Xocavənd rayonunun kəndlərində qazlaşdırma işlərini mərhələli şəkildə həyata keçirir.
"Report"un Xocavəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu istehsalat birliyinin Qarabağ Regional Qaz İstismarı İdarəsinin (RQİİ) baş mühəndisi Qiyas Abdullayev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu çərçivədə Kiş və Güneyçartar kəndlərində qaz xətlərinin çəkilişi üzrə işlər davam etdirilir: "Kişdə ümumilikdə 16 756 metr müxtəlif diametrli polietilen borular vasitəsilə qaz xəttinin çəkilməsi nəzərdə tutulur. Artıq 7 018 metr xətt çəkilib. Kəndə cari ildə 110 ailənin köçürülməsi planlaşdırılır".
Q. Abdullayev qeyd edib ki, Güneyçartar kəndində isə yeraltı və yerüstü üsulla, polad və polietilen borulardan istifadə edilməklə ümumilikdə 4 519 metr qaz xəttinin çəkilməsi nəzərdə tutulub: "Hazırda 1 388 metrədək xəttin çəkilişi tamamlanıb, ərazidə qazıntı işləri də həyata keçirilib. Kəndə cari ildə 30 ailənin köçürülməsi planlaşdırılır. Qazlaşdırma işlərinin başa çatdırılması ilə hər iki kənddə yaşayış üçün yaradılan şəraitin daha da yaxşılaşdırılması və sakinlərin dayanıqlı təbii qazla təmin edilməsi nəzərdə tutulur.
O, həmçinin bildirib ki, 2026-cı il ərzində işğaldan azad olunmuş ərazilərdə 53 yaşayış məntəqəsində qazlaşdırma işləri həyata keçirilir. Hazırda ümumilikdə 263,5 kilometr qaz xətti çəkilib.