IFC: Azərbaycanda "yaşıl bina"lara keçid üçün fiskal və qeyri-fiskal stimullara ehtiyac var

İnfrastruktur
  • 01 oktyabr, 2025
  • 19:16
IFC: Azərbaycanda yaşıl binalara keçid üçün fiskal və qeyri-fiskal stimullara ehtiyac var

"Yaşıl bina"lara keçid üçün Azərbaycan da daxil olmaqla ölkələr həm fiskal dəstək tədbirləri, həm də qeyri-fiskal stimullar tətbiq etməlidirlər.

"Report"un məlumatına görə, bu barədə Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dayanıqlı maliyyələşdirmə üzrə eksperti Leyla Hüseynli Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) üçüncü günündə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda binaların 90 %-dən çoxunun qaz təchizatına qoşulduğunu nəzərə alsaq, ölkə sərbəst qalan qaz həcmlərinin ixracı hesabına əlavə gəlir əldə edə bilər.

"Çünki ixrac qiyməti daxili qiymətdən əhəmiyyətli dərəcədə yüksəkdir. Bu isə iqtisadiyyata əlavə gəlirlər gətirə, iş yerlərinin yaradılması, "yaşıl bacarıqlar"ın inkişafı, ekoloji cəhətdən təmiz materialların istehsalı hesabına artımı dəstəkləyə bilər. Dövlət sektoru da mühüm rol oynayır. Buna ictimai binaların və məkanların sertifikatlaşdırılmasını nümunə göstərmək olar. Son istifadəçilər – mənzil sahibləri, icarədarlar, biznes üçün əsas amil isə iqtisadi təsirdir. Buraya daha aşağı kommunal xərclər, enerji və suya qənaət, dayanıqlı materiallardan istifadə daxildir", - L.Hüseynli qeyd edib.

Onun sözlərinə görə, araşdırmalar göstərir ki, "yaşıl bina"larda yaşamaq sakinlərin sağlamlığına və məmnunluq səviyyəsinə müsbət təsir bağışlayır.

"İnvestorlar və developerlər üçün "yaşıl bina"lar daha yüksək doluluq səviyyəsi, sürətli satış və aktivlərin dəyərinin artması deməkdir. Çünki "yaşıl bina"lar adi binalardan daha bahalıdır və daha tez xərcini çıxardır. Keçidi dəstəkləmək üçün hökumətlər fiskal tədbirlər - vergi güzəştləri, güzəştli maliyyələşdirmə, özəl kapitalı cəlb etmək üçün risklərin azaldılması mexanizmlərini tətbiq etməlidirlər. Eyni zamanda qeyri-fiskal stimulların inkişafı da vacibdir. Buraya "yaşıl developer"lər üçün sadələşdirilmiş icazələrin alınması, daha əlverişli faizlər və maliyyələşdirmə şərtləri daxildir", - IFC eksperti əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti