Corciya Rambelli: Qlobal karbon emissiyalarının 37 %-i tikinti sektorunun payına düşür
- 20 may, 2026
- 12:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Qlobal karbon emissiyalarının 37, enerji istehlakının isə 28 %-i tikinti sektorunun payına düşür.
Report" xəbər verir ki, bunu Şəhər Keçid Missiyası təşkilatının direktoru Corciya Rambelli WUF13 çərçivəsində keçirilən "Şəhər-Sənaye-İqlim Qarşılıqlı Əlaqəsində mənzil və binaların karbonsuzlaşdırılması" adlı tədbirdə deyib.
O bildirib ki, bu tədbir BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO), 'Missiya İnnovasiyası'nın Şəhər Keçid Missiyası və İqlim və Enerji üzrə Qlobal Merlər Konvensiyası tərəfindən təşkil olunub:
"Yaşayış sahələri və tikili ətraf mühit həm şəhər iqlimi probleminin, həm də qlobal inkişaf gündəminin tam mərkəzində dayanır. İqlim hədəflərimizə çatmaq üçün bu sektorda köklü bir dəyişikliyə ehtiyac var. Təkcə qlobal karbon emissiyalarının təxminən 37, enerji istehlakının isə 28 faizi binalar və tikinti sektorunun payına düşür. Bundan əlavə, xüsusilə bu sektor qlobal material hasilatının demək olar ki, 50 faizini təmin edir və planetdəki hər hansı bir sənayenin təkbaşına ən böyük material istifadəçisidir".
O əlavə edib ki, şəhərlər bu problemin və bunun icmalara göstərə biləcəyi təsirin tam fərqindədirlər:
"Onlar tikili ətraf mühitimizin karbonsuzlaşdırılması və daha dözümlü hala gətirilməsi potensialından necə yararlanmağı nəzərdən keçirərək, öz dayanıqlı gələcəklərini formalaşdırmaq məsuliyyətini çox dərindən hiss edirlər".