Fazil Mustafa: "Elektromobillərə verginin tətbiqi ekoloji nəqliyyata keçidi ləngidəcək"
- 18 noyabr, 2026
- 11:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Elektrik avtomobillərinə verginin tətbiq edilməsi ekoloji nəqliyyata keçidi ləngidə bilər.
"Report" xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
Onun sözlərinə görə, verginin qoyulması ölkəyə gətirilən elektrik avtomobillərinin qiymətlərinin yüksəlməsinə gətirib çıxaracaq: "Hazırda qiymətlər onsuz da yüksəlməkdədir. Bu, təbii ki, ölkəyə daxil olan elektrik avtomobillərinin sayını da azaldacaq. Yenə də biz dizel və benzinlə işləyən avtomobillərin çoxluğunu müşahidə edəcəyik".
F. Mustafa qeyd edib ki, bu verginin hesabına büdcəyə əslində çox böyük vəsait də daxil olmur: "Əgər güclü vəsait olsaydı, bunu qəbul etmək daha mümkün idi. Hesab edirəm ki, elektrik avtomobillərinin sayının, satış nöqtələrinin azalması, elektrikin və benzin daha az istifadə olunmasına, təmir yerlərinin və iş yerlərinin azalmasına gətirib çıxarır və bununla da büdcəyə daxil olan vəsaitlərin ciddi şəkildə azalması baş verir. Eyni zamanda böyük şirkətlər müxtəlif yollar tapırlar ki, belə vergidən yayınsınlar. Bu da bir çox hallarda neqativ vəziyyətin yaranmasına səbəb olur. Hesab edirəm ki, bu qanunda da bu istiqamətdə xeyli dəyişikliklər var. Xüsusilə də kənd təsərrüfatında 90 %-lik güzəştin tətbiqini qeyd etmək istərdim. Bu sahəyə də diqqət yönəltməliyik. Ümumiyyətlə bu sektorda potensialımızın həyata keçirilməsi üçün təklifləri nəzərə almalıyıq".
Deputat bildirib ki, xüsusilə də turizmlə bağlı araşdırsaq, görərik ki, bu potensialı səmərəli istifadə etmirik: "Bundan səmərəli istifadə etsək, Gürcüstandan, Türkiyədən və başqa ölkələrin təcrübəsindən də görünür ki, dövlət büdcəsinin əslində gəlirlər hissəsinə bu imkanla doldurmaq imkanımız var: "Düşünürəm ki, bu yolları tapa bilsək, dövlət büdcəsinin də imkanları genişlənəcək və əhalinin həm sosial rifahının yüksəlməsinə, sosial müavinətlərin verilməsinə və insanların müəyyən dərəcədə yaşayış səviyyəsinin yüksəlməsinə də nail ola bilərik".