Fariz Rzayev: "Azərbaycan Cənubi Qafqazın nəqliyyat-enerji infrastrukturuna töhfəsini gücləndirir"
- 22 sentyabr, 2025
- 14:53

Azərbaycan Cənubi Qafqazın nəqliyyat və enerji infrastrukturuna töhfəsini gücləndirir.
"Report" xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Fariz Rzayev Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2025) bildirib.
Onun sözlərinə görə, ötən əsrin 90-cı illərin əvvəllərində Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan bir sıra strateji qərarlar qəbul edərək, Cənubi Qafqaz, Xəzər hövzəsi və Mərkəzi Asiya regionunu beynəlxalq əməkdaşlıq və iqtisadi fəaliyyətə açıq edib.
"Əvvəllər region geosiyasi, iqtisadi və ən əsası - nəqliyyat və bağlantı baxımından sözün əsl mənasında bağlı idi. Nə dəhlizlər, nə yeni boru kəmərləri, nə də dəmir yolları var idi", - F.Rzayev qeyd edib.
O əlavə edib ki, 90-cı illərin əvvəllərində iri neft-qaz şirkətləri yataqların işlənməsi üçün Azərbaycana dəvət olunub, daha sonra isə Qərbə müasir ixrac boru kəmərləri və marşrutları inşa edilib.
"Biz bu strategiyanı davam etdirərək, Cənubi Qafqaz, Xəzər hövzəsi və Mərkəzi Asiya regionunu Türkiyə və Avropa ilə birləşdirən ilk dəmir yolunu inşa edirik", - nazir müavini bildirib.
F.Rzayev həmçinin "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nu (TRIPP - Zəngəzur dəhlizinin Ermənistan ərazisindəki 42 km-lik hissəsi) diqqətdən kənar qoymayıb: "Biz bu tarixi kontekstə yeni təşəbbüs olan TRIPP-i daxil etməliyik ki, onu daha ətraflı müzakirə edək".