Ekspert: "Yerli icmalar ekoloji münaqişələrin həllində əsas aktor olmalıdır"
- 21 may, 2026
- 15:45
Yerli icmalar ekoloji münaqişələrin həllində əsas aktora çevrilməlidir.
"Report" xəbər verir ki, bunu BMT-nin İqlim Təhlükəsizliyi Mexanizminin məsləhətçisi Antonio Sampayo Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Daha təhlükəsiz və dayanıqlı şəhərlərin formalaşdırılması: Şəhər iqlimi, sülh və təhlükəsizlik üzrə siyasət sənədinin layihəsi"nin müzakirəsində bildirib.
"Biz ortaq dil tapmalıyıq. Gələcək üçün potensial vəd etdiyini düşündüyümüz sahələrdən biri ilə bağlı apardığımız ədəbiyyat icmalından nümunə gətirmək istərdim. Bu sahə ekoloji sülh quruculuğudur. O, münaqişələrin qarşısının alınmasını və ya həllini dəstəkləyəcək şəkildə ekoloji resursların və problemlərin idarə olunmasına yönəlmiş yanaşmadır. Əgər siz bu sahə ilə maraqlanırsınızsa, biləcəksiniz ki, son illərdə burada ən geniş yayılmış anlayışlardan biri "yerli dönüş" (local turn) tendensiyasıdır. Bu yanaşmaya görə, sülh quruculuğu və institusional quruculuq artıq yalnız milli səviyyədə - məsələn, İraq və yaxud Əfqanıstanda tətbiq olunan dövlət quruculuğu modelləri çərçivəsində deyil, daha çox yerli ərazilər və icmalar səviyyəsində həyata keçirilməlidir. Məqsəd problemlərin məhz yerlərdə, daha konkret və praktik şəkildə həllinə nail olmaqdır", - deyə o qeyd edib.
Ekspertin sözlərinə görə, bu mövzuda müxtəlif hesabatlar və məqalələr mövcuddur: "Ümumi yanaşma isə ekoloji problemlərin idarə edilməsində yerli icmaların özünü təşkil etməsinə və aktiv iştirakına əsaslanan "aşağıdan yuxarıya" (bottom-up) modelidir. Söhbət, xüsusilə digər regionlarda icma münaqişələrinə səbəb olmuş ekoloji problemlərin yerli səviyyədə həll edilməsindən gedir. Məsələn, ekoloji sülh quruculuğuna dair sistematik ədəbiyyat icmalı göstərir ki, iqtisadi inkişaf, resursların daha səmərəli idarə olunması və ekoloji resurslardan qeyri-dayanıqlı istismar vasitəsi kimi deyil, biotexnologiya, təkrar emal və ekoturizm kimi dayanıqlı gəlir mənbələri kimi istifadə olunması icmaların rifahını yaxşılaşdıra bilər. Bu model Braziliya Amazoniyasında sınaqdan keçirilir. Braziliya hökuməti regionda yaşıl iqtisadiyyatın inkişafı üçün genişmiqyaslı siyasət həyata keçirir. Bununla yanaşı, Amazon regionu ciddi urbanizasiya prosesi ilə də üz-üzədir".