Dünya Bankı: Orta Dəhliz üzrə ticarət 2040-cı ilə qədər 150 % artacaq
- 22 sentyabr, 2025
- 17:28

Dünya Bankı regionun iqtisadi artımına və dayanıqlılığına töhfə vermək üçün infrastrukturun modernləşdirilməsi, tənzimləmə islahatları və rəqəmsal ticarətin təşviqi də daxil olmaqla Orta Dəhliz boyunca layihələri fəal şəkildə dəstəkləyəcək.
"Report"un məlumatına görə, bunu Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF-2025) bildirib.
Onun sözlərinə görə, Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) və Qara dəniz sualtı kabeli kimi regional təşəbbüslər Avrasiya əlaqələrini transformasiya edir.
"Birincisi, bu, daxili iqtisadiyyatları qlobal bazarlarla əlaqələndirərək regionların dayanıqlı bağlantısını gücləndirir. İkincisi, enerji və rəqəmsal inteqrasiyanı gücləndirərək, çoxqütblü dünyada Cənubi Qafqaz və Mərkəzi Asiyanın strateji rolunu möhkəmləndirir. Orta Dəhliz sürətlə Şərqi Asiyanı Mərkəzi Asiya, Xəzər dənizi və Cənubi Qafqaz vasitəsilə Avropa ilə birləşdirən mühüm multimodal ticarət arteriyasına çevrilir", - R.Prays qeyd edib.
Regional direktor vurğulayıb ki, dəhliz Süveyş kanalı və Şimal dəmir yolu kimi geosiyasi sarsıntılara qarşı həssas olan ənənəvi marşrutlara siyasi cəhətdən neytral və dayanıqlı alternativ təklif edir.
"Dayanıqlılığı təmin etməklə yanaşı, Orta Dəhliz Mərkəzi Asiya və Cənubi Qafqaz iqtisadiyyatları üçün mühüm əhəmiyyət kəsb edir. Mərkəzi Asiya üçün o, qlobal bazarlara mühüm yol təqdim edir. Türkiyə və Cənubi Qafqaz üçün isə strateji coğrafi mövqelərindən istifadə etməyə imkan verir. Ekspertlərin qiymətləndirmələrinə görə, Orta Dəhliz iqtisadiyyatlarında ticarət 2023 və 2040-cı illər arasında dəyər baxımından 150 %, həcm baxımından isə 60 % artacaq. Yük daşımalarının həcmi 2040-cı ilə qədər üç dəfə arta bilər, lakin dəmir yolu və liman sektorlarında "darboğaz"lar diqqət tələb edən ciddi maneələr olaraq qalır", - R. Prays əlavə edib.
2024-cü ildə TBNM ilə yükdaşımaların həcmi 62 % artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə onun 5,2 milyon tona qədər artacağı gözlənilir ki, bunun da 4,2 milyon tonu marşrutda iştirak edən ölkələrdən keçəcək. Bu həcmin 2,5 milyon tonu quru yük (96 min TEU ekvivalenti), 1,7 milyon tonu isə neft olacaq.
Marşrutun ötürücülük qabiliyyəti 2027-ci ilə qədər ildə 10 milyon tona çata bilər ki, bu da Azərbaycanın tranzit potensialının genişləndirilməsi və infrastruktura əlavə investisiyaların cəlb edilməsi üçün davamlı zəmin yaradacaq.