Dube: Qeyri-rəsmi yaşayış məntəqələri barədə məlumat çatışmazlığı şəhər planlaşdırılmasını çətinləşdirir
- 20 may, 2026
- 17:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Qeyri-rəsmi yaşayış məntəqələri haqqında aktual və ətraflı məlumatların olmaması Afrika ölkələrində şəhər planlaşdırması və yaşayış şəraitinin yaxşılaşdırılması üçün əsas problemlərdən biri olaraq qalır.
"Report" xəbər verir ki, bu barədə Malavinin Torpaq, Mənzil Tikintisi və Şəhər İnkişafı Nazirliyinin nümayəndəsi Mersi Dube (Mercy Dube) WUF13 çərçivəsində keçirilən "Qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası" tədbirində bildirib.
Onun sözlərinə görə, qeyri-rəsmi yaşayış məskənləri ilə işləyərkən onların dəqiq yerləşməsini, miqyasını və əhalinin tərkibini, o cümlədən yaş strukturunu, sosial qrupları, məktəblər və xidmətlər kimi əsas infrastruktur ehtiyaclarını anlamaq son dərəcə vacibdir.
"Bir çox hallarda yerli hakimiyyət orqanları qeyri-rəsmi yaşayış məskənlərinin sayı barədə yalnız ümumi qiymətləndirmələrə malik olurlar, lakin əhalinin sıxlığı və sosial-iqtisadi tərkibi haqqında məlumatları olmur", - M.Dube bildirib.
O vurğulayıb ki, həm şəhərlər, həm də ayrı-ayrı yaşayış məskənləri səviyyəsində dezaqreqasiya olunmuş məlumatların çatışmazlığı xüsusilə kəskin hiss olunur, bu da inkişaf proqramlarının planlaşdırılmasını və icrasını çətinləşdirir.