Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Könüllü Hesabatı” tərtib edəcək

İnfrastruktur
  • 07 mart, 2022
  • 11:40
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Könüllü Hesabatı” tərtib edəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (DŞAK) sədri Anar Quliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərifin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə “Report”a Komitədən bildirilib.

Məlumata görə, görüşdə BMT ilə Azərbaycan hökuməti arasında imzalanmış müxtəlif əməkdaşlıq sənədləri əsasında Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) milli səviyyədə icrasının sürətləndirilməsi, habelə 11-ci məqsəd - “Dayanıqlı şəhərlər və icmalar” haqqında geniş fikir mübadiləsi aparılıb.

Bildirilib ki, ərazi planlaşdırma sənədlərinin hazırlanması zamanı BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri əsas götürülməklə şəhər və digər yaşayış məntəqələrinin açıqlığı, təhlükəsizliyi, davamlılığı və ekoloji dayanıqlılığı məsələlərinə xüsusi diqqət ayrılır.

Görüş zamanı BMT-nin Məskunlaşma Proqramı ilə DŞAK arasında “Yeni Şəhər Gündəliyi” sənədinin icrası üzrə Azərbaycan tərəfinin “Könüllü Hesabatı”nın tərtib edilməsi, milli şəhərsalma siyasətinin formalaşdırılması, müvafiq sahədə DİM-lərin lokallaşdırılması, birgə tədbirlərin təşkili və aidiyyəti sahələr üzrə kadr potensialının artırılması üzrə əməkdaşlığın dərinləşdirilməsinə qarşılıqlı maraq ifadə edilib.