BMT rəsmisi: "Yeni şəhərsalmaya dair institusional icra hələ də məhduddur"
- 22 may, 2026
- 11:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Ölkələrdə yeni şəhərsalma ilə bağlı institusional icra hələ də məhduddur.
"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) gənclər üzrə məsləhətçisi, Helvan Universitetinin Memarlıq və Şəhərsalma üzrə dosenti Zeyna Əl-Zeyn Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Yeni Şəhərsalma Gündəliyi (NUA) üzrə növbəti 10 il üçün birgə səylərimiz" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, 10 il əvvəl şəhərlər haqqında müzakirələr daha çox fiziki tərəfdən - infrastruktur, binalar və genişlənmə istiqamətində gedirdi: "Lakin son vaxtlar müşahidə etdim ki, tikili mühitin dərk olunmasındakı dəyişiklik daha çox sistemlər, dayanıqlılıq, sosial inklüzivlik, iqlimə uyğunlaşma, ictimai məkanlar, mənzil, mobillik və bütün maraqlı tərəflərin iştirakı haqqındadır. Əslində, öz sahəmdə də bunu hiss etmişəm. Bir pedaqoq olduğum üçün təhsildə də bu dəyişikliyi – memarlıq və şəhərsalmanı yeni nəslə necə öyrətdiyimizi görmüşəm. Biz artıq müxtəlif sistemlərə, məsələn, təbiətə əsaslanan həllər üçün mühit yaratmağa, müxtəlif sistemləri bir-birinə bağlamağa və kəsişməyə diqqət yetirməyə başlamışıq. Həmçinin, Yeni Şəhərsalma Gündəliyində gənclərin iştirakı ilə bağlı güclü təkan görürəm və bunu gənclərin WUF13-ün və UN-Habitat-ın müxtəlif məkanları kimi platformalara necə cəlb olunduqlarından aydın görmək olar".
Qonaq əlavə edib ki, şəhərsalma ilə baxış tərzi inkişaf edib: "Lakin onu da qeyd etmək istərdim ki, institusional icra hələ də məhduddur. Yəni, artıq bir baxışımız var, lakin bunların necə həyata keçirilməsinə daha çox diqqət yetirməyə ehtiyac duyuruq".