BMT rəsmisi: "Peyk məlumatlarının şəhər idarəetmə sistemi ilə əlaqəsi hələ də zəifdir"
- 20 may, 2026
- 12:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Peyk məlumatlarının şəhər idarəetmə sistemi ilə əlaqəsi hələ də zəifdir.
"Report" xəbər verir ki, bunu BMT-nin Şəhərlər üçün innovativ texnologiyalar akseleratorunun (UNITAC) nümayəndəsi Gesa Zimmer Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Davamlı şəhər böyüməsi üçün geoməkan kəşfiyyatı: mənzil tikintisinin iqtisadi potensialının açılması" adlı tədbirdə bildirib.
"Bu, üzərində işləməli olan məsələdir. İdarəetmə geoməkan məlumatları ilə kifayət qədər yaxşı işləyir, çünki böyük təcrübə mövcuddur, açıq mənbəli geoməkan məlumatlarının istifadəsinin onilliklərlə təcrübəsi var. Lakin peyk məlumatları hələ ki şəhər idarəetmə sisteminə kifayət qədər inteqrasiya olunmayıb. Biz şəhər planlaşdırmasından, xüsusilə qeyri-rəsmi yaşayış məntəqələrindən danışarkən yüksək ayırdetmə qabiliyyətli müşahidə məlumatlarının nə vaxt və necə istifadə edilməsi barədə çoxlu tədqiqatlar aparırıq. Bəzən yaşayış məntəqələrinin, damların necə göründüyünü və binaların hansı materialdan tikildiyini başa düşmək üçün bizə həqiqətən yüksək ayırdetmə qabiliyyətli məlumatlar lazımdır. Bu, çox detallı bir məsələdir, çünki qeyri-rəsmi yaşayış məntəqələri müxtəlif ölkələrdə o qədər fərqli görünür. Hərçənd ki, şəhər planlaşdırmasında bəzən bizə yüksək ayırdetmə qabiliyyətli məlumatlar da lazımdır, onlar isə hələ də çox bahadır və əldə edilməsi qat-qat çətindir", - deyə o qeyd edib.
BMT rəsmisi əlavə edib ki, geoməkan məlumatlarının digər məlumatlarla əlaqələndirilməsi mühüm əhəmiyyət kəsb edir: "Bu kontekstdə geoməkan məlumatlarının Yer müşahidəsi məlumatları və georeferensləşdirilmiş ev təsərrüfatı məlumatları ilə əlaqələndirilməsi zərurəti də ortaya çıxır. Beləliklə, biz müxtəlif miqyaslı məlumatlardan və onları necə əlaqələndirə biləcəyimizdən danışırıq. Məncə, bu, gələcək üçün böyük bir tədqiqat və tətbiq sahəsidir".