Biləsuvarda tikintidə istifadə olunan taxta materiallar ucuzlaşıb
- 21 dekabr, 2022
- 13:42
Biləsuvar rayonunda tikinti üçün istifadə olunan taxta materiallar ucuzlaşıb.
Bu barədə "Report"un Muğan bürosunun əməkdaşı inşaat materiallarının satıldığı mağazalardan məlumat əldə edib.
Onların sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi bu ilin mart ayından etibarən Azərbaycanın tikinti sektoruna öz təsirini göstərib. Belə ki, bundan sonra tikinti bazarında əsas mallardan biri hesab edilən taxtanın qiyməti qalxıb.
Qeyd edilib ki, amma hazırda bu sahədə tendensiyalar dəyişib və taxtanın qiyməti 30 faizə yaxın ucuzlaşıb. Bildirilib ki, bunun da əsas səbəbi hazırda tikinti sektorunda olan durğunluqla bağlıdır: "Çünki indi demək olar ki, heç kim rayon yerində tikinti işi aparmır. Bu da öz növbəsində materialların bolluğuna səbəb olur və qiymət də ucuzlaşır. Amma digər tikinti materiallarının qiyməti dəyişməyib".
Sahibkarlar yaz fəslinə doğru tikinti sektorunda canlanmanın yaranacağına ümid edirlər.