Balıqçılıqda tam qapalı su çevrələrinin yaradılması böyük investisiyalar tələb edir
- 12 sentyabr, 2025
- 14:52

Azərbaycanda balıqçılıqda tam qapalı su çevrələrinin yaradılması böyük investisiyalar tələb edir.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası" İctimai Birliyinin sədri Zaur Salmanlı Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – "Baku Water Week" (Bakı Su Həftəsi) çərçivəsində baş tutan "Ətraf mühitin qorunması texnologiyaları və təcrübələri" adlı panel müzakirələrində deyib.
O bildirib ki, Azərbaycan Cənubi Qafqazın əhalisinə və sahəsinə görə ən böyük, su ehtiyatlarına görə isə ən kasıb dövlətidir: "Balıqçılıqda sudan istifadə və su itkisi heç də kənd təsərrüfatı və digər sektorlardan az deyil. Bu, bizi həm də balıqçılıq sahəsində sudan qənaətedici texnologiyalardan istifadə etməyə məcbur edir. Azərbaycanda su qıtlığının səbəbləri əsasən iqlim dəyişikliyi, daxili su ehtiyaclarımızın transsərhəd çaylardan formalaşması, qonşu dövlətlərdə itkilərin olması, Azərbaycanda hələ də sudan qənaətedici texnologiyalardan geniş həcmdə istifadə edilməməsidir".
Onun sözlərinə görə, Azərbaycanda son 5 ildə balıqçılıq sahəsində sudan təkrar istifadə, itkilərin azaldılması üzrə kifayət qədər irəliləyişə nail olunub: "Ölkəmizdə qapalı su çevrələrindən ("Recirculation Aquatic System") istifadə geniş yayılmağa başlayıb. Nəticədə biz eyni su həcmini dəfələrlə istifadə edə bilirik. Burada bioloji, mexaniki təmizləmə, suyun bakteriya yükünün aşağı salınması üçün müxtəlif texnologiyalardan bəhs edilib. Bunlar fərqli bir konsepsiyada bizdə balıqçılıqda istifadə edilir".
Tam qapalı su çevrələrinin Azərbaycan üçün vacib və aktual olmasını vurğulayan assosiasiya sədri onların çox böyük investisiya tələb etdiyini diqqətə çatdırıb: "Əlbəttə ki, böyük sahibkarlar və geniş maliyyə imkanı olan bir qurumun belə müəssisəni yaratması üçün böyük çətinlik yaratmır. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycanda balıq və balıq məhsullarının istehsalının demək o var ki, 80 %-i kiçik və orta sahibkarların payına düşür. Onlar bu gün əsasən nohur balıqçılığı ilə məşğul olur. Belə olduğu təqdirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin kifayət qədər böyük həcmdə istehlakçıya çatdırdığı suyun balıqçı tərəfindən istifadə olunub birbaşa drenaj kollektoruna buraxılmasının qarşısı alınmalıdır. Bunu bir yarım qapalı su təchizatı sistemi vasitəsilə etmək mümkündür. Burada söhbət sudan təkrar istifadədən gedir".
Z. Salmanlı qeyd edib ki, Azərbaycanda balıq və balıq məhsullarının istehlakı dünya üzrə orta göstəricidən dəfələrlə aşağıdır: " BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) qiymətləndirilməsinə əsasən, adambaşına düşən balıq və balıq məhsullarının istehlakı 2 kiloqram, Dövlət Statistika komitəsinin hesablamalarına görə isə 7 kiloqram təşkil edir. Halbuki dünya üzrə orta göstərici 21 kiloqramdır. Bu, Azərbaycanın nə qədər böyük istehsal və istehlak potensialına malik olmasından xəbər verir. Azərbaycanda daxili su hövzələrində balıqçılıq inkişaf etməsə də, bu gün bu sahə intensiv maraq dairəsindədir. Daxili su hövzələrində qəfəs balıqçılığına, balıqların artırılmasına, yetişdirilməsinə daha çox diqqət yetiriləcək".