Yelisey sarayında "İstəklilər koalisiyası"nın görüşü başlayıb
- 06 yanvar, 2026
- 19:23
Yelisey sarayında 27 ölkədən çox nümayəndənin iştirakı ilə "İstəklilər koalisiyası"nın görüşü başlayıb.
"Report" xəbər verir ki, bunu "Suspilne" məlumat yayıb.
"Bloomberg" yazır ki, Avropa liderləri və ABŞ rəsmiləri təhlükəsizlik zəmanətləri haqqında sazişi yekunlaşdırmağa çalışırlar. Bu saziş ABŞ qoşunlarının Ukrayna ərazisində mövcudluğunu nəzərdə tutur ki, hər hansı sülh razılaşmasının dayanıqlığını təmin etsin.
Mənbələrə görə, Parisdəki danışıqlar Vaşinqtonun son vaxtlar təklif etdiyi imkanların koalisiya planları ilə necə inteqrasiya olunacağına yönələcək.
Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Baş katibi və ABŞ nümayəndələri ilə görüş keçirməyi də planlaşdırır.
Polşanın Baş naziri Donald Tusk bildirib ki, Avropa və ABŞ Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı ümumi mövqenin razılaşdırılmasının son mərhələsindədirlər. Bu razılaşmalar yaxın günlərdə, yəqin ki, Vaşinqtonda imzalana bilər.
Tuskun sözlərinə görə, tərəflər artıq danışıqlar üçün razılaşdırılmış baza əldə ediblər – söhbət gələcək sülh sazişinin 20 bəndindən və müharibədən sonra Ukraynanın bərpasında Avropa ilə ABŞ arasında əməkdaşlığın formatını müəyyən edəcək sənədlərdən gedir.
Aİ-nin nümayəndəsi "Politico"ya açıqlamasında bildirib ki, danışıqlarda iştirakçılar atəşkəsin müxtəlif aspektləri və müharibədən sonrakı strukturla bağlı "altı və ya yeddi müxtəlif sənəd"i tədricən razılaşdırırlar.
Onların arasında – Aİ və ABŞ tərəfindən birgə hazırlanmış 20 bəndlik sülh planı, təhlükəsizlik zəmanətləri haqqında sənəd və iqtisadi inkişafla bağlı başqa bir sənəd var. Sənədlər, Rusiya da daxil olmaqla, bütün tərəflər tərəfindən imzalanmalıdır.