Avropa ölkələri Ukraynaya 30 min sülhməramlı göndərməyi planlaşdırır
- 06 yanvar, 2026
- 19:50
Fransa, Böyük Britaniya və Türkiyə "İstəklilər koalisiyası"nın sammitində ABŞ-nin mümkün logistik və kəşfiyyat dəstəyi ilə Ukraynada sülhməramlı qüvvələrin yerləşdirilməsi təklifini dəstəkləməyi nəzərdə tuturlar.
"Report" xəbər verir ki, bu barədə AFP agentliyi əldə etdiyi bəyannamə layihəsinə istinadən məlumat yayıb.
Layihəyə görə, Vaşinqton Rusiya tərəfindən hücum olduğu təqdirdə Avropa qüvvələrinə dəstək göstərəcək və atəşkəsə nəzarət edəcək.
"Kiyevin Avropa müttəfiqləri hesab edirlər ki, mümkün atəşkəsdən sonra Rusiyanın hücumu halında sülhməramlı kontingent Ukraynaya dəstək üçün ABŞ-nin öhdəliyindən faydalanacaq", - məlumatda deyilib.
Bu qüvvələrin tərkibi 15 mindən 20 min əsgərə qədər, bəlkə də 30 min nəfər ola bilər. Əsas qüvvələr Fransa və Böyük Britaniya tərəfindən təmin ediləcək, Türkiyə isə Qara dənizdə təhlükəsizliyin təmin edilməsini öz üzərinə götürəcək. Qüvvələrin əksəriyyəti Ukraynanın qərbində yerləşdiriləcək.
Agentliyin məlumatına görə, Yelisey sarayında toplanan 30-a yaxın lider Rusiya ilə atəşkəs sazişi qüvvəyə mindikdən sonra aktivləşdiriləcək siyasi və hüquqi razılaşmalarla təmin edilən zəmanətləri Ukraynaya təqdim etməyə hazır olduqlarını bəyan edə bilərlər.