Bakı-Aktau bərələrinin yeni hərəkət cədvəli açıqlanıb
- 02 dekabr, 2015
- 12:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 2 dekabr. REPORT.AZ/ Bir neçə gün öncə Qazaxıstanın Aktau şəhərində yeni Logistika Mərkəzinin istifadəyə verilməsini nəzərə alaraq, Bakı-Aktau və əks istiqamətdə təkərli texnika (yük maşınları, avtobuslar, sərnişin maşınları və s.) və dəmir yolu vaqonlarının daşınması üçün gəmi-bərələr təsdiq olunmuş yeni mütəmadi qrafik üzrə hərəkətə başlayıb.
"Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin mətbuat xidmətindən "Report"a daxil olan xəbərə görə, Bakı-Aktau istiqamətində təkərli texnika və dəmiryol vaqonlarını daşıyan gəmilər həftənin hər çərşənbə axşamı və cümə günləri, Aktau-Bakı istiqamətində isə çərşənbə və şənbə günləri yola düşəcək (hava şəraiti ilə əlaqədar qrafikdə məcburi dəyişikliklərin edilməsi zərurəti olduqda öncədən xəbərdarlıq ediləcək):
| Bakı (Ələt) - Aktau | Aktau - Bakı (Ələt) | ||
| Çərşənbə axşamı | 12:00 | Çərşənbə | 23:00 |
| Cümə | 12:00 | Şənbə | 23:00 |
Zərurət yarandığı halda, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” artan yük həcmlərinin daşınması məqsədilə qrafik üzrə gəmi səfərlərinin sayını tələbata uyğun artıracaq.
Bakı-Aktau və Aktau-Bakı istiqamətində daşımalar Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanından həyata keçirilir.